Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

“Məhbusların rejimlərinin idarə edilməsi” mövzusunda görüş keçirilib

Avropa Şurasının İnsan Hüqüqları və Qanunun Aliliyi Baş Direktorluğunun təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində “Məhbusların rejimlərinin idarə edilməsi” mövzusunda çoxtərəfli görüş keçirilib. 

E-huquq.az-ın xəbərinə görə, Avropa Şurasının üzv və müşahidəçi ölkələrinin həbsxana və probasiya xidmətlərinin, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin, eləcə də penitensiar sahədə çalışan və beynəlxalq səviyyədə tanınmış ekspertlərin iştirak etdikləri tədbirdə Azərbaycanı Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Orxan Qasımov təmsil edib.

Görüşdə məhkumlara dair risklərin qiymətləndirilməsi, müvafiq təhlükəsizlik qaydalarının təmin olunması, habelə dinamik təhlükəsizlik məsələləri ətrafında məruzələr dinlənilib.

Məhkum kontingentinin həssas təbəqəsinə aid olan qadınlar, azyaşlılar, əcnəbilər, xəstələr, əlillər, ahıllar, habelə psixi pozğunluğu olanlarla davranışa həsr edilmiş çıxışlar ətrafında fikir mübadiləsi aparılıb.

Həbsxanalarda radikalizm və ekstremizmin aşkarlanması və qarşısının alınmasının prioritet məsələlərdən biri olması xüsusilə vurğulanıb.

Tədbirdə çıxış edən məruzəçilər uzunmüddətli və ömürlük həbs cəzasına məhkum olunmuş şəxslər üçün tətbiq olunan rejim, eləcə də müvafiq saxlanma rejimlərinin idarə olunmasında işçi personalının rolu mövzusunda maraqlı fikirlər səsləndirilib, təmsil etdikləri ölkələrin bu sahədəki təcrübəsi ilə bölüşüblər.

Görüşün sonunda müzakirə olunmuş mövzular istiqamətində Avropa Şurasının üzv və müşahidəçi ölkələr arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.