Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

“Hakim öz işini bilməyəndə vəkilin qulu olur” – Ramin Qurbanov

“Mən tam əminəm ki, iqtisadi sahədə və sahibkarlığın inkişafı ilə bağlı biznes mühitinin yaxşılaşdırılmasında kommersiya məhkəmələrinin rolu böyük olacaq”.

Bu barədə e-huquq.az-a açıqlamasında Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib. 

O deyib ki, Azərbaycan məhkəmələrində ixtisaslaşma ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına xidmət edir: “İndi ən böyük nailiyyət ondan ibarət olacaq ki, inzibati məhkəmə ilə iqtisadi sahə ayrılacaq. Kommersiya məhkəmələri əvvəlki iqtisadi məhkəmələrdən onunla fərqlənəcək ki, onlara daha geniş səlahiyyətlər veriləcək. Əvvəl iqtisadi məhkəmələr yalnız hüquqi şəxslər arasında iqtisadi mübahisələrə baxırdı, indi isə hər hansı bir dövlət qurumu tərəfindən sahibkarların hüququ pozularsa, həmin inzibati işlərə də kommersiya məhkəmələri tərəfindən baxılacaq. Yəni, kommersiya məhkəmələri tamamilə ixtisaslaşır və bütün sahibkarlıqla bağlı yarana biləcək mübahisələrə orada baxılacaq. Bu, ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə birbaşa təsir göstərəcək".

İqtisadi işlərlə bağlı ixtisaslaşmanın məhkəmə daxilində aparılmasının mümkünsüz olduğunu deyən R. Qurbanovun sözlərinə görə, dünya təcrübəsinə əsasən, inzibati ədliyyə ilə iqtisadi ixtisaslaşma vahid bir məhkəmədə ola bilməz: “Bu, yalnız Azərbaycanda idi. Təbii ki, maddi-texniki baza baxımından o vaxt bunları birləşdirdilər. Amma belə bir beynəlxalq təcrübə yoxdur və ola da bilməz. Ona görə ki, inzibati ədliyyə iqtisadi ixtisaslaşma ilə tamamilə fərqlənir. İxtisaslaşma daxildə aparılarsa, hakimlər məzuniyyətə, ezamiyyətə gedəndə, işlər qarışacaq. Belə olur ki, iqtisadi işlərə baxan hakimlərin sayı azalsa, inzibati işlərə baxan hakimlər məcburən eyni işlərə baxırlar. Məhkəmə sədri bölgünü dəyişməyə məcbur olur. İnzibati işlərə baxan hakimlərlə iqtisadi işlərə baxan hakimlərin düşüncəsi də fərqlidir. Kommersiya işlərinə baxan hakimlərin çoxu ikitəhsilli hakimlərdir. Elə hakimlər var ki, həm iqtisadi sahədə oxuyub, həm də hüquq sahəsində. Yəni, bunlar da nəzərə alınmalıdır”. 

R. Qurbanov qeyd edib ki, kommersiya məhkəmələrinin yaradılması nəinki sahibkar hüququnun qorunması, eyni zamanda dövlətin iqtisadi inkişafına təkan verəcək: “Beynəlxalq reytiqlərdə bizim dövlətə müsbət rəy verilməyəndə, xarici investorlar Azərbaycana investisiya ayırmırlar. Keyfiyyətli məhkəmə olmayan ölkəyə kim öz pulunu ayırar? Sahibkar ilk növbədə öz hüquqlarının qorunmasını düşünür. Hüquqların qorunması da ancaq məhkəmə yolu ilə mümkündür. Məhkəmədə müstəqil, peşəkar hakimlər olmalıdır. Hakim öz işini bilməyəndə, həmişə vəkilin qulu olur. Vəkildən asılı olur. Savad isə ixtisaslaşma ilə bağlıdır. Kommersiya məhkəməsi bu dediyim məsələlərə xidmət edəcək. Bu baxımdan kommersiya məhkəmələrinin yaradılması mütərəqqi bir addımdır”.