Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Küçədə ev heyvanlarının hücumuna məruz qalan şəxslər hansı hüquqlara malikdir?

“İt, pişik və bu kimi digər ev heyvanlarının saxlanması, gəzdirilməsi şəxslərin hüququ olsa da, bu hüquqdan istifadə edərkən müəyyən qaydalara əməl edilməsi, vəzifələrin yerinə yetirilməsi vacibdir”. 

Bu barədə e-huquq.az-a açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü Natiq Əsgərov deyib. 

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" ilə yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanma şərtləri, onların saxlanılmasına nəzarət qaydası, heyvan sahibinin hüquq və vəzifələr və digər qaydalar müəyyən edilib. Bu qaydalara görə, heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görülməli, təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalı, iri cins itlərin və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmalıdır. Qaydaların 4.4-cü bəndinə əsasən ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması, ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi, ev heyvanlarının insanların üzərinə saldırılması, sərxoş vəziyyətdə olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsi və.s. hallar qadağan edilmişdir” – deyə, vəkil bildirib. 

N. Əsgərov deyib ki, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir: “Ev heyvanlarının başqalarına vurduğu zərərə görə, Azərbaycan Respublikası qanunverciliyində heyvan sahiblərinin mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülki hüquq pozuntularına (deliktlərə) görə mülki hüquqi məsuliyyət müəyyən edilmişdir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və bunun nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu cür məsuliyyət hallarından biri Mülki Məcəllənin 1110-cu maddəsində nəzərədə tutulmuş heyvanın vurduğu zərərə görə heyvanın sahibinin mülki hüquqi məsuliyyətidir. Həmin maddənin tələbinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu məsuliyyət obyektiv məsuliyət halı olub, zərərin vurulmasında heyvan sahibinin təqsirli olub-olmaması əhəmiyyət daşımır. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının heç bir əhəmiyyəti yoxdur. Bununla belə əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər gördüyünü sübuta yetirə bilsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi yaranmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsində ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə isə inzibati məsuliyyət müəyyən edilib. Həmin normanın tələbinə əsasən it, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulması dedikdə onların qadağan edilmiş yerlərdə saxlanılması, gəzdirilməsi, onların nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulması, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsi, sərxoş vəziyyətdə olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsi, ev heyvanlarının insanların üzərinə saldırılması və həmin normada müəyyən edilmiş digər hallar başa düşülür. Bu qaydaları ilk dəfə pozan şəxslər iki yüz manat məbləğində cərimə, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdildikdə isə üç yüz manat məbləğində cərimə edilir. Həmin xətaların törədilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya zərər çəkmiş şəxsə maddi zərər vurularsa bu zaman həmin şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir”. 

Vəkil bildirib ki, ev heyvanları başqa şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurarsa, şəxsin ölümünə səbəb olarsa, əmlakına xeyli və ya külli miqdarda ziyan vurarsa və bu kimi digər hallarda heyvan sahibinin təqsirli olduğu müəyyən olunarsa, o zaman heyvanın sahibi müvafiq ictimai təhlükəli əmələ görə cinayət məsuliyyətinə cəlb edilə bilər: “Bütün bunlarla bağlı olaraq da yuxarıda qeyd edilən qaydaların pozulması nəticəsində zərər çəkən şəxs müvafiq olaraq həmin qaydaları pozan şəxsin mülki məsuliyyətə cəlb edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi üçün isə müvafiq qaydada hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir”.