Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Kredit Təşkilatı ləğv prosesində olan bankı məhkəməyə verib

“Regional” Bank olmayan Kredit Təşkilatı MMC ləğv prosesində olan “Atra Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı ASC-dən 63000 ABŞ dolları pul məbləğinin tutulmasını tələb edib.

Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edib ki, işə məhkəmədə baxılmalı olmadığından iddiaçı “Regional” Bank olmayan Kredit Təşkilatı MMC-nin iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi qaytarılmalıdır.        

Məhkəmə tərəfindən müəyyən olunub ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə “Atra Bank” ASC müflis elan edilib və həmin tarixindən etibarən ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilib.

Xatırladaq ki, məhkəmə “Banklar haqqında” Qanununun 82-ci maddəsinə görə, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür.