Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Kooperativ cəmiyyət bələdiyyəni məhkəməyə verib

Ağcabədi rayon Kooperativ Cəmiyyəti Ağcabədi bələdiyyəsini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən cəmiyyət ümumilikdə 12 791 manat pul borcunun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia əizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.   

Belə ki, yeni qanuna əsasən, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə həyata keçirilir.

Belə olduğu halda iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda deyil, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilməlidir. İddiaçı isə iddia ərizəsini məhkəməyə kağız daşıyıcıda təqdim edib.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb. Qərarda qeyd edilib ki, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.