Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilən əcnəbilərin cinayət işi məhkəməyə göndərilib

Azərbaycanda kibercinayətkarlıq yolu ilə bank hesablarından pul oğurlamaqda təqsirləndirilən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviçin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin mayında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətləri birgə yaydığı məlumata əsasən, bank məlumatlarının və əməliyyatlarının elektronlaşdığı müasir dövrdə informasiya texnologiyalarından mütəşəkkil istifadə edilməklə banklarda olan vəsaitlərin ələ keçirilməsi meyllərinin də artması müşahidə olunur. 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulmuş, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.