Hüquqşünas polisin fədakar və cəfakeş xidmətindən yazdı: "Qarşılaşdığım mənzərə çox dəhşətli idi"

Hüquqşünas Rüstəm Cəfərov Dövlət Yol Polisi əməkdaşlarının fədakar və cəfakeş xidməti ilə bağlı Daxili İşlər Nazirliyinə məktub ünvanlayıb.

E-huquq.az xəbər verir ki, Daxili İşlər Nazirliyi həmin məktubun mətnini yayıb. 

Müəllif məktubunda bildirir ki, iyun ayının 1-də, saat 19:35-də Bakı-Qazax magistralında, Bakı şəhər istiqamətində hərəkətdə olarkən Nəvahi postuna sürətlə yaxınlaşan Təcili Tibbi yardım maşını görüb: "Posta yaxınlaşdıqda YPX əməkdaşı, polis baş serjantı əlində uşaq DYP avtomobilindən çıxaraq Təcili Tibbi Yardım avtomobilinə yaxınlaşıb. 

Avtomobilimi postda saxlayaraq nələr baş verdiyini anlamağa çalışırdım. Bir tərəfdə ana fəryadı, digər tərəfdə YPX inspektorları və ətrafda avtomobillər dayanır, vətəndaşlar toplaşırdı.

Polis baş serjantı Anar Babayevdən aldığım məlumata görə, DYP əməkdaşına vətəndaş azyaşlı körpəsinin yolda qıcolma (sudurqa) tutması ilə bağlı yaxınlaşaraq kömək istəyib. 

Bu zaman xidmətdə olan yol polisi əməkdaşları Anar Babayev və Rüfət İbrahimov təcili olaraq vətəndaşın imdadına yetişib. Nəvahi DYP postuna Təcilli Tibbi Yardım həkim briqadası çağırılıb. 

Təcili yardımın gec gələcəyini düşünən əməkdaşlar 99 YP 877 dövlət nömrə nişanlı YPX avtomobili ilə körpənin xəstəxanaya çatdırılması üçün hərəkətə keçən zaman Hacıqabul Rayon Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları posta yaxınlaşıb. Körpənin həyatını xilas edilməsi üçün əlindən gələni edən istər YPX əməkdaşları, istərsə də həkim briqadası ailənin təklifi ilə körpəni Bakı şəhərinə aparılmasını istəyib. 

Lakin hadisə yerinə gələn təcili yardım avtomobilinin “UAZ” markalı olması və onun gec çatacağı düşünülərək uşaq YPX əməkdaşlarının köməyi ilə "Mercedes Viano" avtomobili ilə xəstəxanaya yola salındı".

Rüstəm Cəfərov həmin an keçirdiyi hissləri də məktubda ifadə edib: "Həqiqətən qarşılaşdığım mənzərə çox dəhşətli idi. Bir günahsız körpənin yaşam çırpınışı, ətrafı bürüyən ana fəryadı, buna biganə qalmayan və əlindən gələni əsirgəməyən YPX inspektorları, körpəni həyata qaytarmağa çalışan həkim briqadası. Hər kəsin məqsədi, istəyi və arzusu körpənin yenidən həyata qayıtması idi. YPX inspektorları o an sanki bir məmur olmaqdan çıxmış, bir ata olaraq hərəkət edirdilər. Gözlərində kədər hiss edilirdi. Şəkillərini çəkdikdə belə, qəhərdən kameranin obyektivinə baxa bilmirdilər. 

Mən bir vətəndaş olaraq YPX əməkdaşları ilə qürur duydum. Tam əminliklə deyirəm ki, adını qeyd etdiyim inspektorlarla fəxr etmək belə azdır. Mən polis baş serjantları Anar Babayev və Rüfət İbrahimova bu cür xidmətinə görə dərin təşəkkürümü bildirirəm".