Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Hər kəsi narahat edən reklamlardan necə can qurtarmaq olar? - Hüquqşünas danışır

"Reklam haqqında" Azərbaycan Respublikası Qanununa görə reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat reklam sayılır. Reklam olunan mallar, işlər və xidmətlər, onun fərdiləşdirilmə vasitələri, həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər reklam obyektidir.

Reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı isə reklamın subyektləridir. Reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri reklam daşıyıcısı sayılır.

Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat verməli və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Gizli, qeyri-dəqiq, haqsız reklama yol verilmir.

Müəyyən əmtəələrin reklam edilməsi qanunla qadağan edilmişdir. Məsələn, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının, narkotik vasitələrin, psixotrop maddələrin, pirotexniki vasitələrin reklamı qadağandır. Bəzi əmtəələrin reklamı isə qadağan edilməsə də müəyyən şərtlərə bağlanmışdır. Məsələn, alkoqollu içkilərin, dərman vasitələrinin, tibbi xidmətlərin, bioloji fəallığa malik qida əlavələrin, lotoreyaların reklamı zamanı mütləq müəyyən qaydalara əməl edilməlidir. Məsələn, tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalı və bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

Reklam Haqqında Qanunun 39-cu maddəsinin tələbinə görə reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın bu Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı reklamın bu Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Haqsız, qeyri-dəqiq və gizli reklama yol verən reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam yayıcısı və reklam agenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsində reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin normanın tələbinə görə gizli reklam edilməsi, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə edilməsi, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi, "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklam edilməsi, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi və həmin normada nəzərdə tutulan digər hallar inzibati xəta sayılır və bu xətanı törədən şəxslər inzibati məsuliyyətə cəlb oluna bilərlər. Həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə öz səlahiyyətləri daxilində müvafiq olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublilasını Dövlət Reklam Agentliyi, Milli Televiziya və Radio Şurası baxır. Belə hallarla rastlaşan şəxslər həmin qurumlara müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 198-ci maddəsinə görə isə reklamda əmtəələr, qulluq və xidmətlər haqqında, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan istifadə edilərsə və bunun nəticəsində də şəxslərə xeyli və ya külli miqdarda ziyan vurularsa, bu zaman cinayət məsuliyyəti yaranacaqdır. Bu əməli törədən şəxs də həmin əməli törətməsi nəticəsində xeyli miqdarda ziyan vurarsa bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə, külli miqdarda ziyan vurarsa iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıla bilər. Belə əməldən zərər çəkən şəxslər isə hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının daxili işlər (polis) orqanlarına müraciət edə bilərlər.

Bununla yanaşı, zərərçəkən şəxslər onlara dəymiş maddi və mənəvi zərərin ödətdirilməsi, pozulmuş mülki hüquqlarının bərpası üçün də Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məhkəməyə müraciət edə bilərlər.

P.S. fikrimcə, biz, qapımıza asılmış reklamlardan daha çox evimizə, qulağımıza, gözümüzə icazəsiz və birbaşa daxil edilən reklamlardan daha çox ehtiyyat etməli və qorunmalıyıq.

Natiq Əsgərov

BDU-nun Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü