Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Gömrükçülər intellektual bilik yarışında dördüncü olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən "Breyn-rinq" intellektual bilik yarışında Dövlət Gömrük Komitəsinin (DGK) komandası uğurla çıxış edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, gömrükçülər bilik yarışmasında gərgin və maraqlı mübarizə apararaq adlarını qaliblər sırasına yazdırıblar.

DGK komandasının üzvləri - Rəşad Zeynalov, Orxan Sultanov, Əli Bayramov, Kamal Məmmədov, Turan Namazlı sualların əksəriyyətini düzgün cavablandırmaqla komanda hesabında 4-cü yeri tutublar.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramına həsr olunan bilik yarışında bir sıra dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və mətbuat nümayəndələri də iştirak edib. 17 komandadan ibarət bilik yarışı "Xəmsə" formatında üç mərhələdə keçirilib. Yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb, digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıblar.

Finala vəsiqə qazanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsinin komandaları müvafiq olaraq 1-4-cü yerləri bölüşüblər.

Qalib komandalara diplom və mükafatlar təqdim olunub.