Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar və siqaretlər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postuna daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 220 CDI" markalı avtomobilə gömrük baxışı keçirilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 ədəd soyuducu ehtiyat hissəsi-kondensator, 20 ədəd elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.

Bundan başqa, DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-2106" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı kinoloji xidməti itin reaksiyası nəticəsində avtomobilin sağ və sol qanadlarında 400 ədəd "Marlboro" və 1200 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.