Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

FHN Penitensiar Xidmətdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) iyunun 12-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib.

FHN-dən e-huquq.az-a bildiriblər ki, Xidmətin rəis müavini, ədliyyə general-mayoru Məhərrəm Qafarov Xidmətin tabeçiliyində olan müəssisələrin bu gün müasir tələblər səviyyəsində yenidən qurulduğunu, beynəlxalq standartlara uyğunlaşdırıldığını, məhkumların təhlükəsiz şəraitdə saxlanması istiqamətində məqsədyönlü iş aparıldığını qeyd edib. M.Qafarov yanğın təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin əhəmiyyətindən danışaraq Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə fəaliyyətin uğurlu və səmərəli olduğunu bildirib.

Digər çıxışlarda Penitensiar Xidmətin müəssisələrində son illər yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən, elektrik və qaz təsərrüfatından istifadə zamanı hazırda respublikada qüvvədə olan normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, ilkin yanğınsöndürən vasitələrlə təchiz edilməsindən, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının əhəmiyyətindən söz açılıb. Eyni zamanda, toplantıda şəxsi heyətin və xüsusi kontingentin fövqəladə hallar zamanı davranış qaydaları, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirləri barədə məlumat verilib.

Sonda Dövlət Yanğın Nəzarəti Xidməti ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının yanğın təhlükəsizliyinin qorunmasında birgə səylərinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbir iştirakçılarına DYNX-nin yanğın təhlükəsizliyi mövzusunda nəşr etdirdiyi xüsusi bukletlər, kitabçalar və plakatlar paylanıb.