Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilməlidir? - ŞƏRH

Bildiyimiz kimi, Azərbaycanda bir çox hallarda vətəndaşlara işə qəbul zamanı sınaq müddəti təyin edilir. Bəs belə hal qanunvericilikdə nəzərdə tutulurmu? Ümumiyyətlə, sınaq müddəti nədir və kimlərə şamil olunur? 

Bununla bağlı e-huquq.az-ın suallarını “Mirzayev and Partners Legal Firm” hüquq şirkətinin hüquqşünası, vəkil Aygül Rəfiyeva cavablandırıb.  

O bildirib ki,  Azərbaycan Əmək Məcəlləsi ilə işə götürənin bir sıra hüquqları müəyyən edilib.

Onun sözlərinə görə, əmək müqaviləsi bağlayarkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətinin müəyyən edilməsi işə götürənin hüquqlarından biridir: “Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işə götürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər”.

                                                              Vəkil Aygül Rəfiyeva

A.Rəfiyeva qeyd edib ki, Əmək Məcəlləsində sınaq müddəti müəyyən edilməyən hallar nəzərdə tutulub: “Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda müəyyən edilmir”.