Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Əmək münasibətlərinin qurulması üçün minimum yaş həddi nə qədərdi?

Azərbaycanda əmək münasibətlərinin qurulması üçün minimum yaş həddi nə qədərdi? Vətəndaşlar qanunla neçə yaşdan sonra işləyə bilər? Ümumiyyətlə qanunvericilikdə bununla bağlı hansı müddəalar nəzərdə tutulub?

Bununla bağlı e-huquq.az-ın suallarını vəkil Anar Rzayev cavablandırıb.

Onun sözlərinə görə, sualı cavablandırmaq üçün ilk növbədə ölkənin əsas qanunu hesab edilən və digər qanunvericilik sahələri üçün başlanğıc rolunu oynayan Konstitusiyaya nəzər salmaq və müəyyənləşdirmək lazımdır ki, ümumiyyətlə Konstitusiyada əmək münasibətlərini tənzimləyən hər hansı bir norma nəzərdə tutulmuşdurmu?

“Konstitusiyaya nəzər saldıqda müəyyən edilir ki, Konstitusiyanın 35-ci maddəsi məhz əmək hüququna həsr edilib. Lakin maddənin məzmununa baxdıqda orada əmək münasibətlərinin qurulması üçün hər hansı yaş həddinin müəyyən edilmədiyini görürük. Amma bu o demək deyildir ki, istənilən yaşdan olan şəxslər əmək münasibətlərinə daxil ola bilərlər. Belə ki, ölkənin əsas qanununu kompleks şəkildə təhlil etdikdə aydın olur ki, Konstitusiyanın ailə, uşaq və dövlət adlı 17-ci maddəsi 15 yaşına çatmamış uşaqların işə götürülməsini qadağan edir. Bu isə o deməkdir ki, 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz”, - deyə, A.Rzayev bildirib.

O söyləyib ki, Azərbaycan Respublikasında əmək münasibətlərini kompleks şəkildə tənzimləyən Əmək Məcəlləsi əmək münasibətlərinə daxil olmaq üçün ölkənin əsas qanununun 17-ci maddəsində nəzərdə tutulmuş normanı daha geniş və açıq şəkildə özündə ehtiva edib: “Hazırda qüvvədə olan Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsinin tərəfi ola bilər. Burada əsas şərtlərdən biri şəxsin fəaliyyət qabiliyyətli olmasıdır. Çünki qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Həmin Məcəllənin 46-cı maddəsində isə qeyd edilir ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Sözügedən norma imperativ (məcburi) norma olub, mütləq xarakter daşıyır və həmin normanın pozulmasına görə işəgötürənlər məsuliyyət daşıyırlar.

Belə ki, əmək müqaviləsinin bağlanması zamanı qanunvericiliklə müəyyən edilmiş yaş həddi məhdudiyyətinə işəgötürənlər tərəfindən əməl edilməməsi, başqa sözlə 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsinin bağlanılması həmin müqavilələrin etibarsızlığa səbəb olmaqla yanaşı, onu bağlayan işəgötürənlərin Əmək Məcəlləsinin 312-ci maddəsinə əsasən inzibati məsuliyyətinə cəlb edilməsi ilə də nəticələnir”.

                                                      Vəkil Anar Rzayev

Vəkil vurğulayıb ki, əmək qanunvericiliyi 15 yaşına çatmış fiziki şəxslərlə əmək müqaviləsi bağlanılmasına da bəzi məhdudiyyətlər müəyyən edib: “Qanunvericiliyə əsasən 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu isə o deməkdir ki, işəgötürən fiziki şəxsin 15 yaşına çatmasını rəhbər tutaraq onunla əmək müqaviləsi bağlaya bilməz. Bunun üçün fiziki şəxsin valideynlərindən və ya övladlığa götürənlərindən birinin mütləq şəkildə yazılı razılığını almalıdır. Qanunvericilikdə yetkinlik yaşına (18 yaşına) çatmamış şəxslərlə bağlanmış və (ya) bağlanacaq əmək müqavilələri ilə bağlı fiziki şəxslərin xeyrinə bir sıra əlavə müddalar da müəyyən edilmişdir.  

Belə ki:        

  • yaşı 18-dən az olan şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilə bilməz;
  • yaşı 18-dən az olan işçilər attestasiyadan keçirilə bilməz;
  • 18 yaşınadək olan işçilər qısaldılmış iş vaxtı normasında işə cəlb edilə bilərlər: qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq ola bilməz;
  • sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə və yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilməlidir;
  • yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır;
  • yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz;
  • əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır;
  • Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər;
  • 18 yaşına çatmamış işçilərin Əmək Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir;
  • Yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır;
  • Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.

Beləliklə də müəyyən edilir ki, 15 yaşına çatmış, fəaliyyət qabiliyyətli fiziki şəxslərlə valideynlərindən və ya övladlığa götürənlərdən birinin yazılı razılığı ilə əmək müqaviləsi bağlanıla bilər və onlar əmək müqaviləsinin bir tərəfi qismində çıxış edə bilərlər.

Son olaraq bildirmək istəyirəm ki, əmək münasibətlərinə daxil olmaq üçün yaş məhdudiyyəti ilə bağlı norma Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Sosial Xartiyasının 7-ci maddəsində də imperativ norma olaraq müəyyən edilib”.