Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Əli Hüseynli: "Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır”

“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisdə müzakirələrə səbəb olub. 

E-huquq.az ONA-ya istinadən xəbər verir ki, millət vəkili Fərəc Quliyev MDB ilə bağlı belə layihələrdən uzaq durulmasını, Moldova və Ukraynanın belə sazişlərə qoşulmadığını qeyd edib. 

Eyni zamanda sazişdə kadr hazırlığının rus dilində aparılması barədə müddəanı məqbul saymadığını söyləyib: “Rusiya və Ermənistan ortaq ordu yaradıb. Bizim polislər, daxili qoşunlar üçün kadrlar niyə bu qaydada hazırlanmalıdır?”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bunun beynəlxalq saziş olduğunu qeyd edib: “Biz nə zaman istəsək, bu sazişin yaratdığı imkanlardan istifadə edə bilərik. Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır”.

Spiker Oqtay Əsədov isə beynəlxalq sazişdə bir dillə bağlı məsələnin əksini tapmasının normal olduğunu qeyd edib.

Qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.