Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Əli Hüseynli: “Yuxarı instansiya məhkəmələrində hərbi kollegiya ilə cinayət kollegiyası birləşəcək”

“Cənab Prezident İlham Əliyev tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanuna, o cümlədən prosessual qanunvericiliyə əlavələr və dəyişikliklər təqdim olunmuşdu. Bunların mahiyyəti Prezident Fərmanının 3.1-ci maddəsində qeyd olunan məsələlərin həllinə yönəlib. Yəni, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması nəzərdə tutulub”. 

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, qanuna əlavə və dəyişikliklərlə həm vergi, həm də gömrük ödənişləri ilə bağlı mübahisələrə baxılan ixtisaslaşmış, eyni zamanda, sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işləri araşdıran məhkəmənin yaradılması nəzərdə tutulur: “Bilirsiniz ki, indiyə qədər inzibati-iqtisadi məhkəmələr mövcud idi. İndi faktiki olaraq, o məhkəmələr olmayacaq, əvəzində iki yeni ixtisaslaşmış məhkəmə - İnzibati Məhkəmə və Kommersiya Məhkəməsi olacaq. Eyni zamanda, kommersiya məhkəmələrində aidiyyatı məsələlərin müzakirəsi üçün daha sürətli bir mexanizm təklif olunub. Yəni, faktiki olaraq məsələ əvvəlki kimi 3 instansiyada yox, 2 instansiyada - birinci və kassasiya instansiyasında həll olunacaq. Əgər işin kommersiya məhkəməsinə aid olub-olmaması barədə mübahisə yaransa, məsələ iki instansiyada həll olunacaq. Bu da işin surətli baxılmasına imkan verəcək. Məsələnin ədalətli həlli üçün həm də qarışıq kollegiya tərkibindən ibarət hakimlər probelmi araşdıracaqlar".

Ə.Hüseynli deyib ki, Azərbaycanın məhkəmə sistemində ümumi rayon məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr və ağır cinayətlər məhkəmələri birinci instansiya kimi fəaliyyət göstərəcək: "Ali Məhkəmə və apellyasiya məhkəmələrində hərbi kollegiya ilə cinayət kollegiyası birləşəcək. Çünki faktiki olaraq onların hər ikisi Cinayət Prosessual Məcəlləsi ilə işləyir. Digər tərəfdən bu sahədə iş yükü də çox deyildi”. 

Komitə sədri hakimlərin maaşı və məzuniyyət haqqı məsələsinə də toxunub.

Onun sözlərinə görə, məhkəmələrin təminatı ilə bağlı Prezidentin Fərmanında sosial vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması ilə bağlı bir müddəa var. 

“Cənab Prezident tərəfindən “Məhkəmələr və hakimlər haqqında” qanuna təhkim olunmuş yeni layihə də Prezident Fərmanının həmin müddəasının həllinə yönəlib. Təklif olunur ki, hakimlərin maddi təminatı daha da yaxşılaşdırılsın. Onlara məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilməsi nəzərdə tutulur. Daha dəqiqini desək, Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində müəyyənləşdirilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Hakimlərin məzuniyyət müddəti və məzuniyyət haqqı ilə bağlı maddədə isə hakimlərin məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət, məzuniyyət haqqının hesablanması qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən öz həllini tapır”, - deyə, Ə.Hüseynli qeyd edib.