Əkrəm Həsənov: “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraların yaradılmasının effekti olacaq”

“Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraların olması təqribən dövlət orqanlarında var. Bilirik ki, hər bir dövlət orqanının tərkibində apellyasiya şurası mövcudur”.

Bunu e-huquq.az açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

Prezident İlham Əliyevin mayın 6-da imzaladığı "Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fərman"ı şərh edən vəkil bildirib ki, vətəndaş həmin orqana hansısa məsələlər üzrə şikayət edir və həmin vətəndaşın şikayəti onu qane etmədikdə isə apellyasiya şurasına müraciət edir: “Həmin apellyasiya şurasının qərarı da onu qane etməyəndə Prezident Yanında Apellyasiya Şurasına müraciət eləyir. Eyni qaydanı indi dövlətə məxsus hüquqi şəxslər də edirlər. Prinsipcə bu, başa düşülən və məntiqlidir. O baxımdan ki, bir sıra dövlətə məxsus hüquqi şəxslər elə dövlət orqanı səlahiyyətlərinə malik kimi bir şeydir. Yəni hüquqi şəxslər - “Azərenerji”, “Azərişıq”, “Azərbaycan Dəmir Yolları”, Dövlət Neft Şirkəti, publik hüquqi şəxs olan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və başqalarının da əlində dövlət səlahiyyətləri olsa da, apellyasiya şurası yox idi. İndi bundan sonra da onların əlində apellyasiya şurası olacaq. Yəni, bu da dövlət orqanlarının vətəndaşların qayğısına qalması, onlara dürüst, ədalətli və keyfiyyətli dövlət xidmətlərini göstərməsi ilə bağlıdır ki, vətəndaşlar son nəticədə şikayət edə bilsinlər. Amma bu gözləntilərin özünü doğruldacaq, ya doğrultmayacağı bilinmir. Çünki dövlət orqanlarında olan apellyasiya şuraları tam doğrultmadı, bunu zaman göstərəcək”.

Ə.Həsənov dövlət orqanlarında olan apellyasiya şuralarının əsas problemlərinə də toxunub: “Burada əsas problem nədir? Apellyasiya şuralarının üzvləri elə həmin dövlət orqanlarında işləyən və yaxud da bundan sonra dövlətə məxsus hüquqi şəxslərin işçiləridir. Həmin apellyasiya şurasının da rəhbəri - təsdiq edilən əsasnamədə yazılıb ki, həmin hüquqi şəxsin rəhbərinin müavinidir. Biz indi necə təsəvvür edək? Hansısa bir dövlət orqanı ədalətli qərar verir və sonra vətəndaş da gedib həmin apellyasiya şurasına mürciət edir. Apellyasiya şurası da həmin dövlət qurumunun əlehinə qərar çıxaracaq? Burada ehtimal çox azdır. Apellyasiya şurasında olanlar elə həmin dövlət orqanının işçiləridir, həmin qurumun rəhbərinə tabe olan insanlardır. Hesab edirəm ki, xüsusən dövlətə məxsus hüquqi şəxslərdə Müşahidə Şuralarına ehtiyac var. Həmin Müşahidə Şuralarının da üzvləri ictimai əsaslardan olmalıdır. Yəni, həmin qurumun işçiləri olmamalıdır. Bu halda onlara şikayət etmək mümkün olar. Məncə bu, daha düzgün yol olardı. Mən demirəm ki, bunun heç bir effekti olmayacaq, olacaq. Amma həmin şəxslərin həmin qurumun işçiləri olması ciddi problemdir”.