Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Ədliyyə Nazirliyi məhkəmə iclaslarının vaxtında başlamamasına münasibət bildirib

"Məhkəmə iclaslarının elan olunan vaxta başlamaması bizim də ağrılı məsələmizdir. Amma çalışırıq ki, bu məsələni də nəzarətdə saxlayaq"

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov deyib.

Onun sözlərinə görə, məhkəmə iclaslarının vaxtında başlamamasının müxtəlif səbəbləri var. Bunlardan biri, hakimlərin iş yükünün çox olmasıdır: "Orta hesabla, hakim ay ərzində 140-150 işə baxır. Yəni, bu, ən azı günə 6-7 proses deməkdir. Subyektiv problemlər odur ki, bəzi hallarda tərəflər məhkəməyə gəlmir, bəzi hallarda vəkillər prosesə vaxtında gəlib çata bilmir. Amma biz çalışırıq ki, bu məsələni də nəzarətdə saxlayaq. Çünki Ədliyyə Nazirliyi bununla bağlı qanunla müəyyən səlahiyyətlər daşıyır və səlahiyyətlərimiz çərçivəsində çalışırıq ki, bu problemi həll edək". 

Nazirlik rəsmisi xatırladıb ki, Prezident İlham Əliyevin Fərmanında da 200-dən artıq hakim ştatının ayrılması ilə bağlı tapşırıq verilib ki, bunun də məsələyə müsbət nəticəsi olacaq: "Həmin ştat vahidlərini istifadə etdikdən sonra və iş yükünün azaldılması ilə bağlı digər kompleks tədbirlər görüldükdən sonra, biz hesab edirik ki, proseslərin vaxtında başlayıb yekunlaşmasına nail olacağıq".