Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi birgə təlim kursu keçirir - FOTO

"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlili və bu fəaliyyətin keyfiyyətinin artırılması barədə tövsiyələrin icrası üçün bir sıra tədbirlər görülür.

Ədliyyə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, bu məqsədlə Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə təlim kursu keçirilir. 

Kursa Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinə təyinatla əlaqədar müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər cəlb olunublar.

İyunun 11-də Ədliyyə Akademiyasında kursun açılışı olub. Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov və Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov çıxış edərək dövlət başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın müstəsna əhəmiyyətindən bəhs edib, bu mühüm sənədin məhkəmə, ədliyyə və prokurorluq orqanları üçün "yol xəritəsi" olduğunu vurğulayıblar. 

Bildirilib ki, təlimin əsas məqsədi namizədlərin peşə hazırlığı səviyyəsinin artırılmasıdır.

Təlim kursu ərzində "Təqsirin sübutunun xüsusiyyətləri", "Cinayət mühakimə icraatında sübutlar və sübutetmə", "İttiham aktının faktiki və hüquqi əsaslarının təhlili xüsusiyyətləri", "Cinayətlərin və hökmlərin məcmusu qaydasında cəza təyin edilməsi məsələləri", İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi üzrə Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) prosessual aspektlərinə əməl olunması vəziyyətinin məhkəmədə yoxlanması və qiymətləndirilməsi metodikası", "Məhkəmə prosesi iştirakçıları ilə ünsiyyətin psixoloji xüsusiyyətləri" və s. bu kimi aktual mövzular üzrə mühazirələr dinləyicilərin diqqətinə çatdırılacaqdır.