Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

DİN: Zəhra oğurlanandan sonra dilənçiliyə cəlb edilib

Daxili İşlər Nazirliyi azyaşlı Zəhranın oğurlanması ilə bağlı yeni açıqlama yayıb. 

E-huquq.az xəbər verir ki, iyunun 4-də 2015-ci il təvəllüdlü Zəhra Bağırovanın Sabunçu qəsəbəsində yaşadığı evdən çıxaraq geri qayıtmamaşı barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar Əlahiddə Çevik Polis Alayı, Bakı Şəhər Baş Polis, Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə azyaşlının Masallı rayon sakini Tərgül Nəzərova tərəfindən oğurlanaraq dilənçiliyə cəlb edilməsi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Nəzərova Q.Qarayev prospektində, metronun “Neftçilər” stansiyasının yaxınlığında Z.Bağırova ilə birgə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Uşaq valideynlərinə qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.