Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

DGK: Tələbələr beynəlxalq gənclər konfransında uğur əldə ediblər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində "Beynəlxalq Biznes və Gömrük Mühafizəsi" mövzusunda keçirilən VI i-Customs Gömrük Beynəlxalq Gənclər Konfransında Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının tələbələri ölkəmizi layiqincə təmsil ediblər.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Konfransa Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşları- Əli Əliyev, Oksana Romanova və Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri Elvin Qazaxov, Xəyalə Mirzəyeva, Eldar Əliyev, Həsən Həsənzadə, Fidan Camalzadə və İsa Allahverdiyev qatılıb.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Özbəkistan və Polşa Respublikalarının tələbələri ümumilikdə 29 təqdimatla çıxış ediblər. Onlardan 6-sı münsiflər heyətinin ekspert komissiyası tərəfindən yüksək balla qiymətləndirilərək sertifikatlarla mükafatlandırılıb.

DGK-nin Akademiyasının tələbələri Xəyalə Mirzəyeva və İsa Allahverdiyevin "Ümümdünya Ticarət Təşkilatına üzvlük prosesinə Azərbaycan Respublikası gömrük sisteminin uyğunlaşması" mövzusuna həsr etdikləri təqdimat 3-cü yerə layiq görülüb. Ən yaxşı təqdimatların cari ilin oktyabr ayında Ümumdünya Gömrük Təşkilatı tərəfindən təşkil ediləcək 14-cü PİCARD konfransında nümayiş etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun dəstəyi ilə keçirilən tədbirdə əsas məqsəd dünyanın müxtəlif ölkələrindən gələn tələbələrin beynəlxalq ticarət, gömrük siyasəti və gömrük prosedurlarını müzakirə etməsi, onların konstruktiv dialoqunu təşkil etməkdir.