Deputat: "Elektron sistem hakimin qərar verməsini asanlaşdıran bir mexanizmdir"

“İndiyə qədər hakim bütün detalları özü müəyyən etməli idi. İndi isə elektron formada bu detalları sistemləşdirib, əldə edə bilir. Bu, hakimin qərar verməsini asanlaşdıran bir mexanizmdir. Ona görə də hesab edirəm ki, bu ideyanı dəstəkləmək, müsbət tendensiya kimi qiymətləndirmək lazımdır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Məhkəmə - hüquq islahatları: Ədalət mühakiməsinin həyata keçirilməsində informasiya  texnologiyalarının rolu” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda azadlıqdan məhrumetmə cəzalarının faizi MDB ölkələri içərisində ən yüksək faizdir: "Bunu biz dəfələrlə qeyd edirik ki, ölkədə bəraət hökmünün səviyyəsi aşağıdır. Bu, siyasətin hüquq sferasına nə qədər çox daxil olmasından asılı bir məsələdir. Ona görə də düşünürəm ki, hüquqi informasiyanın sistemə hansı dildə daxil edilməsinə məsələsinə də önəm vermək lazımdır. Gəldiyimiz nəticə budur ki, hakimin müstəqilliyini 80-90 faiz təmin edə bilən bir sistem formalaşdıra bilməsək, hakimin ən yüksək təminatlı maaşını, ömürlük seçkisi məsələsini çözməsək, bu elektron vasitələrin də qərarların ədalət olmasına kömək edə biləcəyi, şübhəli olaraq qalmaqdadır”.