Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Cinayət Məcəlləsinə hansı dəyişikliklər təklif olunur?

Bildiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Vəkillər Kollegiyasında İşçi Qrupu yaradılıb. 

E-huquq.az xəbər verir ki, işçi qrupunun fəaliyyəti ilə bağlı Kollegiyanın İntizam Komissiyasının sədr müavini İlhamə Həsənova Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib. 

O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2019-cu ildə imzaladığı sərəncamından irəli gələn məsələlərdən biri cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə təkliflərin işlənib, hazırlanmasıdır.

Onun sözlərinə görə, bu istiqamətdə yaradılan işçi qrupu qısa müddət ərzində Azərbaycan Cinayət və Cinayət-Prosessual Məcəlləsinin ümumilikdə 20-dək təklif hazırlayıb: “Təkliflər əsasən Cinayət Məcəlləsinin ümumi hissəsinin - 15-ci, 66-cı, 77-ci və sair maddələrini əhatə edir. Eyni zamanda, Cinayət Məcəlləsinin həyat və sağlamlıq, mülkiyyət, iqtisadi sahə və yol-nəqliyyat hərəkəti təhlükəsizliyi əleyhinə olan cinayətlər bölməsini əhatə edirdi. Təkliflərdən iqtisadi cinayətlər məsələn - vergidən yayınma, gömrük ödənişlərinin ödənilməsindən yayınma, qaçaqmalçılıq cinayətləri üzrə bir sıra maddələrin dekriminallaşdırılması təklifləri səsləndirilib”.

                                                                  Vəkil İlhamə Həsənova

Konfransda İ.Həsənova Cinayət-Prosessual Məcəlləsinə bir sıra dəyişikliklərlə bağlı təklifləri də səsləndirib: “Bu dəyişikliklərdən biri Cinayət-Prosessual Məcəlləsin 449-cü maddəsi ilə bağlıdır. Təklifə əsasən, Cinayət-Prosessual Məcəlləsində göstərilən maddədə hüquq-mühafizə orqanlarının və cinayət təqibini həyata keçirən orqanlarının hərəkətlərindən və qərarlarından şikayət nəzərdə tutulub. Lakin hərəkətsizliklərindən şikayət nəzərdə tutulmayıb. Təkilf ondan ibarət olub ki, həmin maddəyə cinayət təqibini həyata keçirən orqanlarının hərəkətsizliyindən şikayət verilməsi maddəsi əlavə edilib. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 84-cü maddəsinə də əlavələrdir. Belə ki, dövlət ittihamçısına əməlin daha yüngül maddə ilə tövsif edilməsinə dair məhkəmədə təklif vermək hüququ onun hüquqları sırasına aid olsun. Cinayət Məcəlləsinə uyğun səsləndirilən digər təkliflərin içərisində Cinayət Məcəlləsinin böhtan, təhqir tərkibləri nəzərdə tutulan maddələrin dekriminallaşdırılmasına dair təkliflər də var idi. Cinayət hüququ üzrə təkliflər ümumilikdə özü-özlüyündə səmərəli və cəza siyasətini humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması sahəsində əhəmiyyətli təkliflərdir”.