BMqT-nin Azərbaycan nümayəndəliyi Masallıda Hüquqi Yardım Mərkəzində olub

İyunun 3-də Azərbaycan Vəkillər Kollegiyası (VK), BMqT-nin Azərbaycan nümayəndəliyi, ASAN Xidmətin birgə təşkilatçılığı və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi həyata keçirilən “Qanunun aliliyi” layihəsi çərçivəsində təşkilatların rəsmilərinin Masallı ASAN Xidmət Mərkəzində təşkil olunmuş Hüquqi Yardım Mərkəzinə səfəri baş tutub.

VK-dan e-huquq.az-a verilən məlumata görə, qeyd olunan layihə əhalinin peşəkar hüquqi xidmətlərə çatımlılığını artırmaqla xüsusilə aztəminatlı təbəqənin ödənişsiz şəkildə kompleks hüquqi yardım xidmətlərindən yararlanma imkanlarının təmin edilməsi məqsədini daşıyır.

Layihə çərçivəsində əhaliyə məhkəmə və digər dövlət orqanlarında təmsilçilik, hüquqi sənədlərin tərtibi, şifahi hüquqi məsləhətlərin verilməsi kimi xidmətlər göstərilir. Xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşların müxtəlif orqanlarda ödənilən dövlət rüsumları ilə bağlı xərcləri qarşılanmaqdadır.

Analoji hüquqi yardım mərkəzləri Bərdə, İmişli və Qəbələ rayonlarında da təşkil olunub. Hüquqi xidmətlər hər bir mərkəzdə ən azı bir VK-nın üzv olmaqla, köməkçi hüquqşünaslar tərəfindən göstərilməkdədir.

Qeyd olunub ki, cari ilin fevral ayında fəaliyyətə başlamış Masallı Hüquqi Yardım Mərkəzi tərəfindən əsasən əmlak, ailə, əmək, vərəsəlik, cinayət, inzibati işlər üzrə 246 nəfərə hüquqi yardım göstərilib. Onlardan 136 iş məhkəmə təmsilçiliyi, məhkəmlərə iddia ərizələrinin hazırlanması və s. bu kimi işlər ilə bağlıdır.

Səfərdə ABŞ-nin Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Soley, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, VK-nın Rəyasət Heyətinin Aparatatının rəhbəri Fərhad Nəcəfov iştirak ediblər.