Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Binəqədidə binanın yanmasına görə həbs edilən şirkət rəhbəri azadlığa buraxılıb - EKSKLÜZİV

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb. 

E-huquq.az-ın əldə etdiyi xəbərə görə, M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb. 

M.Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Məhkəmə şikayəti təmin edib və hökm xüsusi müsadirə hissəsində ləğv olunub. 

Onun barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb. Belə ki, həmin dəyişikliyə əsasən, M.Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanskiya dairəsi azaldılıb. 

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan 4 elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Qəzənfər Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Məmmədovla A.Əlibəyovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.