Azərbaycanlı vəkillər Böyük Britaniya yurisdiksiyasında vəkilliyə qəbul oluna biləcəklər

Bu günlərdə Azərbaycan Vəkillər Kollegiyası (VK) ilə Böyük Britaniyanın vəkillərinin birliyi olan Hüquq Cəmiyyəti arasında əldə olunmuş razılığa əsasən, artıq Azərbaycan VK-nın üzvləri Böyük Britaniyada vəkilliyə qəbul üzrə müvafiq imtahanı verməklə orada vəkilliyə qəbul oluna və İngiltərə və Uels ərazisində vəkillik fəaliyyəti ilə məşğul ola bilər.

VK-dan e-huquq.az-a verilən məlumata görə, Böyük Britaniyada vəkilliyə qəbul olmaq üçün azərbaycanlı hüquqşünaslar aşağıdakı meyarlara cavab verməlidirlər:

- Namizəd Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmalıdır;

- Namizəd Azərbaycan Respublikasının bütün ərazisində vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququna malik olmalıdır;

- Vəkil olaraq qəbul edilmək üçün möhkəm xarakterə və yüksək keyfiyyətlərə sahib olmalıdır;

- İxtisaslaşmış Vəkillərin Transfer Sistemi adlı imtahanları uğurla keçməlidir.

Qeyd olunmalıdır ki, Britaniyada QLTS imtahanlarını ixtisaslaşmış qurum olan Vəkilliyin Tənzimlənməsi Təşkilatı (SRA) keçirməkdədir. Təşkilatın saytı ilə buradan tanış olmaq mümkündür.

Azərbaycan VK-nın qeyd olunan yurisdiksiyada tanınması faktı öz təsdiqini Vəkilliyin Tənzimlənməsi Təşkilatının (SRA) rəsmi internet səhifəsində tapıb.