Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Azərbaycanın ilk Regional Vəkil Bürosundan - REPORTAJ

Azərbaycanın ilk Regional Vəkil Bürosu Sumqayıt şəhərində fəaliyyətə başlayıb.

Əvvəllər köhnə, yararsız bina tam şəkildə təmir edilib və müasir standartlara cavab verən işlək büro yaradılıb. Burada konfrans zalı, konfidensial otaq, qəbul masası, mətbəx, sanitar qovşaq və geniş iş otağı var.

Büroya daxil olarkən, orada vəkillərin fəaliyyəti üçün yaradılmış şəraitlə yanaşı, diqqətimizi çəkən bir məqam oldu - Qonaq Vəkil Masası

Bir neçə ildir tanışlığımıza baxmayaraq, bu gün biraz fərqli - xüsusi abu-havada olan, gözlərinin içi gülən Büronun rəhbəri Anar Qasımlı deyir ki, qapılarımız hamının üzünə açıqdır və qonaq vəkil masası da məhz bu səbəbdən yaradılıb: "Bunun üçün iki masa ayırmışıq. Yəni bizim büroya bağlı olmayan, Azərbaycanın istənilən bölgəsində fəaliyyət göstərən və işlə bağlı Sumqayıta gələn bütün vəkillər burada maneəsiz fəaliyyət göstərə bilərlər. Buradan tamamilə ödənişsiz istifadə edə, eyni zamanda buradakı kompüter və digər avadanlıqlardan yararlana bilərlər. Yalnız ofisdaxili qaydalara riayət edilməlidir".

Büroda hazırda 11 vəkilin fəaliyyət göstərdiyini deyən A. Qasımlının sözlərinə görə, gələcəkdə bu say artırılacaq:

"Bildiyimiz kimi, artıq vəkilliyə 2-ci tur üçün imtahanlar keçirilir. Onların arasında da bu büronu seçmək istəyənlər çoxdur. Hazırda ofisimizdə 20 nəfərin fəaliyyət göstərməsi üçün geniş imkan var. Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub ki, vəkillər ayrıca vəkil kabineti aça bilərlər. Bizim də elə vəkillərimiz var ki, onların öz kabineti var. Bu da büroda yerlərin çox olmasına imkan yaradacaq”.

Xatırladırıq ki, büronun yaradılmasına qərar veriləndə sosial şəbəkələrdə müəyyən söz-söhbətlər, tənqidlər var idi....Bunu eşidən müdir əhvalını dəyişmədən "hər kəsin cavabı verilib, o vaxt bizi tənqid edənlərə də qapımız açıqdır” – deyir:

"Təbii ki, bu da fikir müxtəlifliyinin bir nümunəsidir. Hər kəs sərbəst şəkildə fikrini ifadə edə bilər. Ancaq bu, bizə mane olmur, Azərbaycan vəkilliyi naminə öz tutduğumuz yolla gedirik. Vəkillər Kollegiyası rəhbərbərliyi tərəfindən etimad göstərilib, bu iş bizə həvalə olunub. Biz də bu yükün altına çiynimizi vermişik və bu işi ləyaqətlə həyata keçirməliyik. Zamanında etirazlar, müzakirələr olsa da, onların cavabı verilib. Düşünürəm ki, biz keçmişə qayıtmamalı, gələcəyə baxmalıyıq. Sumqayıt Regional Vəkil Bürosu olaraq, bütün vəkil həmkarlarımıza - tənqid edənlər də, hətta bəzən təhqir edənlərə də qapılarımız açıqdır. Gəlib, bizim ofisimizdən sərbəst şəkildə istifadə edə bilərlər. O zaman onlar başa düşəcəklər ki, bu şərait onlar üçün yaradılıb. Məsələn, mən özüm hansısa bölgəyə gedəndə, qəfildən bir ərizə yazmaq lazım olur, biləndə ki, belə bir yer var, məmnuniyyətlə istifadə edirəm. Mən əminəm ki, Vəkillər Kollegiyası rəhbərliyinin qətiyyəti nəticəsində ölkənin bütün regionlarında bu ənənə davam etdiriləcək. Bu iş bütövlükdə Azərbaycan vəkilliyinə xidmət edəcək".

“Aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstəriləcək”

A. Qasımlının sözlərinə görə, son dövrlərdə Azərbaycanda vəkillik sürətlə inkişaf edir, günü gündən vəkilliklə bağlı mövzular gündəmdədir: "Biz də çalışacağıq ki, rəyasət heyətinin və sədrinin tutduğu yolu bu regionda davam etdirək. Öz fəaliyyətimizlə rəhbərliyin işinə təkan verməyə çalışacağıq. İnsanların hüquq və azadlıqdarını da and içdiyimiz kimi, mərdliklə müdafiə edəcəyik. Burada eyni zamanda aztəminatlı ailələrə ödənişsiz hüquqi yardım göstəriləcək”.

Büro müdiri gələcək planlarından da danışır: "Gələcəkdə büro olaraq, çalışacağıq ki, xarici ölkələrin təcrübəsini öyrənək. Təkliflərimizi kollegiya rəhbərliyinə təqdim edək. Bu regionda vəkilliyin nüfuzunun artırılmasına məsuliyyət daşıyırıq".

Anar Qasımlı israrla bizi binanın əvvəlki görkəmini əks etdirən lövhənin yanına gətirir: "Baxın, əvvəlcə bu bina nə gündə olub. Amma indiki vəziyyətinə baxın, özünüz müqayisə edin, görün, nə boyda işlər görülüb".

Bəli, görürük, müharibədən sonrakı vəziyyəti xatırladan bina, indi elə bil həmin ərazi deyil, tamam başqa yerdə dayanmışıq.

Bürodakı vəkillərlə də söhbətləşirik, onların da necə sevincli olduğu simalarından aydın sezilir.

Vidalaşanda Anar Qasımlı özündən əmin şəkildə "bacaracağıq, üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirəcəyik" - deyə, vurğulayır.

Sonda gördüklərimizə əsasən deyə bilərik ki, burada vəkillərin rahat xidmət göstərməsi üçün hər bir şərait yaradılıb. Bircə qalır yaxşı işləmək...

İnanırıq ki, yaxşı da olacaq. Çünki Vəkillər Kollegiyasının son vaxtlar gördüyü işlər göz qabağındadır.