Mirzayev&Partners
    20 İyul
    Baku
    23°

Azərbaycanın dörd regional ASAN xidmət mərkəzində Hüquqi Yardım Mərkəzləri açılıb

Masallı, Bərdə, Qəbələ, İmişli ASAN xidmət mərkəzlərində olan Hüquqi Yardım Mərkəzlərinin fəaliyyətinə dair hesabat açıqlanıb. 

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. 

Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. 

Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılıb. 

Bu təşəbbüs Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilib.

Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 

May ayının sonuna kimi mərkəzlərə 806 nəfər 1249 hüquqi məsələlərlə bağlı müraciət edib. 

Müraciət edənlərin 36% -i qadın, 64%-i kişi, müraciətlərin 33%-i məhkəmələrlə bağlı məsələlər olub. 

İlk dörd ayda göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 24%-i bank kreditləri, 16%-i mülkiyyətlə bağlı məsələlər, 15%-i ailə məsələləri, 10%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olub. 

Bundan əlavə, digər müraciətlər miras, miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, cinayət və inzibati işlər kimi müxtəlif sahələri əhatə edib.

Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. 

Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. 

Hüquqi Yardım Mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.