Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Azərbaycanda vəkillərə elektron order verilməsi təklif olunur

Vəkillərin elektron orderlə təmin edilməsi təklif olunur.

E-huquq.az xəbər verir ki, bu təkliflə vəkil Bəxtiyar Hacıyev çıxış edib. 

Vəkil təəssüflə qeyd edib ki, hazırda ölkənin cinayət təqibini həyata keçirən bir çox orqanlarında və Penitensiar Xidmətdə müdafiə hüququnun səmərəli təşkilini görmək mümkün deyil. Onun sözlərinə görə, istinaq hərəkətini aparan bir sıra dövlət orqanlarına vəkilin rahat şəkildə daxil olmasını və müdafiə etdiyi şəxslə məsləhətləşməsi sahəsində yaranan əngəli yalnız elektron order vasitəsilə aradan qaldırmaq olar: "Bu, eyni zamanda  istintaq orqanında və ya cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin müdafiə hüququnun tam şəkildə təmin edilməsinə şərait yaradacaq". 

B. Hacıyev qeyd edib ki, vəkillər üçün elektron orderin tətbiq olunması hazırda ən vacib məsələlərdən biridir: "Praktik vəkillərin problemini həll etmək üçün, elektron order sistemə daxil edilən kimi dərhal saxlanılan (şübhəli və təqsirləndirilən) şəxslə konfidensial görüş təmin edilməlidir. Bütün cinayət təqibini həyata keçirən orqanlar elektron sistemə daxil olmaqla iş üzrə təyin olunmuş vəkilin iştirakı ilə ilkin istintaq hərəkətini həyata keçirə bilərlər. Təsəvvür edin ki, elektron order tətbiq olunandan sonra şübhəli şəxs qismində saxlanılan adamın orderi və müdafiəçisi olubsa, deməli bütün istintaq hərəkətləri qanunsuz hesab olunur. Daha sonra isə bunlar məhkəmə sübutu kimi istifadə oluna bilmir". 

Vəkil əlavə edib ki, Azərbaycan Prezidentinin məhkəmə-hüquq islahatları çərçivəsində Cinayət Prosessual Məcəlləsində müdafiə institutunun yenilənməsinə ehtiyac var: "Hesab edirəm ki, Cinayət Prosessual Məcəlləsinin 7-ci maddəsindən başlayaraq, yeniliklər tətbiq olunmalıdır. Yəni, müdafiəçi-vəsatət məsələsinə yenidən izah verilməlidir. Vəsatət cinayət təqibini həyata keçirən orqanın qarşısında vəkilin müdafiə tələbi kimi hesab olunmalıdır. Ölkəmizlə yanaşı, MDB-nin bir çox ölkələrində belə problemlər mövcuddur. Əgər təkliflər həyata keçərsə, Azərbaycan qonşu ölkələr üçün də nümunə ola bilər" - deyə, B. Hacıyev qeyd edib.