Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Azərbaycanda vəkil barəsində başlanan intizam icraatına xitam verilib

"Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri hörmətli Anar Bağırovla və Rəyasət Heyətinin üzvləri ilə görüşdük".

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov özünün "Facebook" səhifəsində yazıb.

Vəkil bildirib ki, görüşdə problemlər müzakirə edilib: "Problemi həll etdik. İntizam icraatına xitam verildiyi bildirildi. İntizam icraatına xitam verildiyi üçün Vəkillər Kollegiyası Rəyasət Heyətinə təşəkkür edirəm".

Qeyd edək ki, E. Sadıqov barəsində 28.06.2019-cu il tarixdə vəfat etmiş, Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü Sərdar Qasımovun həyat yoldaşı Qasımova Kamalə Elxan qızının yazdığı şikayət əsasında intizam icraatı başlamışdı.

Şikayətdə deyilirdi: “Sərdar Qasımov uzun illər vəkillik fəaliyyəti ilə məşğul olub, vəkillərin İntizam Komissiyasının üzvü olub. Vəkillik fəaliyyəti göstərdiyi illərdə nüfuz qazanıb, onun bugünlərdə vaxtsız vəfatından ailəmizə və digər qohumlarımıza və onu tanıyanları hədsiz kədərləndirmişdir. Lakin bizim gözümüzün yaşı qurumamış vəkil Elçin Sadıqov onun barəsində sosial şəbəkələrdə və saytlarda əsassız və uydurma məlumatlar yaymaqla bizim ailənin və doğmalarının mənəvi sarsıntısını və kədərini daha da artırmışdır. Həmin məlumatlarda Elçin Sadıqov guya Sərdar Qasımov tərəfindən sifarişlə mənfi rəy yazıldığını, onun vəkil kimi xalq tərəfindən tanınmadığını və digər əsassız məlumatlar yazmışdır. Mən Sərdar Qasımovun həyat yoldaşı kimi deyə bilərəm ki, işində və əməlində həmişə düz olmuş, haqqı nahaqqa verməmiş və obyektiv olmuşdur. Buna görə də vəkil Sadıqovun məsuliyyətə cəlb olunaraq qanun çərçivəsində barəsində tədbir görülməsini xahiş edirəm”.

Vəkil E. Qasımov isə şikayətlə razılaşmayıb və bunun qərəzli olduğunu bildirib.