Mirzayev&Partners
    18 İyul
    Baku
    23°

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslər imtahan verəcəklər

“Yeni övladlığa götürmə modelinin əsas xüsusiyyətlərindən biri odur ki, valideyn namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılacaq Alt sistemdə qeydiyyatdan keçəcəklər. Bundan sonra sosial işçilər valideyn namizədlərin evlərində müsahibələr təşkil edəcək, mənzil şəraitini yoxlayacaqlar”. 

E-huquq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlillik siyasəti şöbəsinin müdir müavini Fərhad Ələkbərov bildirib.

Onun sözlərinə görə, o mərhələdən uğurla keçən valideyn namizədlər DOST mərkəzlərinin təşkil etdiyi təlimlərdə iştirak edəcəklər: “Bu təlimlər övladlığa götürmənin əhəmiyyətinin artırılması ilə bağlı valideyn namizədlər üçün olan psixoloji-sosial əhəmiyyətli testlərdir. Valideyn namizədlər həmin təlimlərdən keçdikdən sonra imtahanlarda iştirak edərək qiymətləndiriləcəklər. Müəyyən keçid balından uğurla keçən valideyn namizədlər növbəti mərhələyə buraxılacaqlar. 

F.Ələkbərov eyni zamanda qeyd edib ki, indiki qanunvericilikdə 10 yaşına çatmış şəxslərin övladlığa götürülməsi ilə bağlı razılığı tələb olunur. Bu tələb yenə də qüvvədə qalacaq: “Eyni zamanda 7 yaşına çatmış uşaqların övladlığa götürülmə zamanı fikirləri, rəyləri nəzərə alınacaq. Bundan əlavə, övladlığa götürmə prosesində uşaqların yerləşdiyi müəssisədə valideyn namizədlərlə uşaqların görüşü təşkil olunacaq. Orada həmin uşaqların valideyn namizədlərlə uyğunluğu yoxlanılacaq, sosial işçilər onları müşahidə edəcəklər. Uşaqlar valideyn namizədlərlə uyğundularmı, onlara öyrəşə, mehribanlaşa bilirlərmi, ailə mühiti çərçivəsində onlarla birlikdə yaşaya biləcəkmi və s. yoxlanılacaq.

Eyni zamanda valideyn namizədlərin də hansı uşaqları övladlığa götürmək istəmələrinə dair tələbləri nəzərə alınacaq. Uşaqların də rəyi əvvəldən öyrəniləcək, onlar necə ailədə, şəhərdə, yoxsa kənddə, ailə mühitində və ya bir valideynlə yaşamaq istəyirlər, bunlar nəzərə alınacaq. Təbii ki, erkən yaşda olan uşaqların bu cür istəkləri olmur, çünki onların özlərini dərketmə qabiliyyətləri hələ müəyyən qədər aşağı olur. Müəyyən yaşdan sonra isə uşaqların öz fikirləri, istəkləri olur”. 

Mənbə: APA