Azərbaycanda nəzarət zərfi dövlətə məxsus bankların səmərəliliyinin qiymətləndirilməsi proseduru müəyyənləşib

Nazirlər Kabineti “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nı təsdiq edib.

E-huquq.az-ın məlumatına görə, bu Qayda paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi meyarlarına əsasən  qiymətləndirmə prosedurunu tənzimləyir.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər dedikdə, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlər nəzərdə tutulur. Səmərəliliyin qiymətləndirilməsi dövri olaraq səmərəlilik göstəricilərinin hesablanması ilə həyata keçirilir. Bu Qayda paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan banklarda və digər kredit təşkilatlarında, habelə sığortaçı və təkrarsığortaçılarda, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə, investisiya fondlarında (idarəçilərdə) və lisenziyalaşdırılan ödəniş sistemlərinin fəaliyyətini təşkil edən hüquqi şəxslərdə müvafiq sahə üçün qəbul olunmuş normativ hüquqi aktlar və normativ xarakterli aktlar nəzərə alınmaqla tətbiq edilir.  Bu Qayda ilə Müşahidə Şurasına (Direktorlar Şurasına) həvalə edilmiş səlahiyyətlər, o olmadıqda icra orqanı tərəfindən həyata keçirilir.

Səmərəlilik göstəricisi (SG) hüquqi şəxsin fəaliyyətinin səmərəliliyinin müəyyən edilməsi üçün istifadə edilən və bu Qaydaya uyğun hesablanan göstəricilərdən ibarətdir. SG-nin siyahısı və hesablanması üçün əsas səmərəlilik göstəricilərinin istifadəsi məcburi, əlavə səmərəlilik göstəricilərinin istifadəsi isə könüllüdür. SG-nin hesablanması hüquqi şəxslər tərəfindən illik aparılır. SG-nin hər birinin ayrı-ayrılıqda hüquqi şəxs üçün əhəmiyyətini əks etdirən xüsusi çəkisi hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən müəyyən olunaraq təsdiq edilir. Hər bir hüquqi şəxs üzrə müəyyən edilmiş SG-nin xüsusi çəkisi azı 3 il müddətində sabit saxlanılır.  Hüquqi şəxs üzrə tətbiq olunan bütün SG-lərin xüsusi çəkilərinin məcmusu 100 faiz təşkil edir. Əsas səmərəlilik göstəricilərinin xüsusi çəkisi 60 faizdən az olmamalıdır. SG-nin hesablanması üçün aşağıdakı mənbələrdən istifadə edilir:

- hüquqi şəxsin mühasibat uçotu sənədləri;

- hüquqi şəxs tərəfindən dövlət qurumlarına təqdim edilən hesabatlar (maliyyə, statistika, vergi və s.);

hüquqi şəxsin biznes-planı.

SG-lərin hesablanması üçün ekspertlər, mütəxəssislər, məsləhətçilər və digər şəxslər cəlb edilə bilərlər.

SG-nin illik proqnoz (hədəf) göstəriciləri hüquqi şəxs tərəfindən aşağıdakı qurumlarla razılaşdırılaraq təsdiq edilir:

-  banklar və digər kredit təşkilatları, sığortaçı və təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurası;

- digər hüquqi şəxslərə münasibətdə Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya.

İllik SG-nin proqnoz (hədəf) göstəriciləri hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra hesabat ilindən əvvəlki ilin noyabr ayının 1-dək aşağıdakı qurumlara məlumat üçün təqdim edilir:

- banklar və digər kredit təşkilatları, sığortaçı və təkrarsığortaçılar, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, investisiya fondları və lisenziyalaşdırılan ödəniş sistemlərinə münasibətdə Maliyyə Sabitliyi Şurasına;

- digər hüquqi şəxslərə münasibətdə Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiyaya.

Hesabat dövrünün sonunda SG-nin faktiki göstəricisi proqnoz (hədəf) göstəricisi ilə müqayisə edilərək, faktiki və proqnoz göstəricilərinin faiz nisbəti - yerinə yetirilmə faizi (YYF) müəyyən edilir.  Hüquqi şəxslər YYF-dən aşağıdakı məqsədlər üçün istifadə edirlər:

- idarəetmə orqanlarının, vəzifəli şəxslərinvə struktur bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi və bununla əlaqədar müvafiq meyarların hazırlanması;

- xərclər smetasının hazırlanması və qiymətləndirilməsi;

- hesabatların tərtib edilməsi.

Hesablanmış SG-lərin xüsusi çəkili göstəricisinin (hər bir SG üzrə YYF onun xüsusi çəkisinə vurulur) cəmlənməsi ilə hüquqi şəxsin fəaliyyətinin səmərəlilik əmsalı (FSƏ) müəyyən edilir. Fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələr təsdiq edilir. FSƏ-nin müəyyən edilməsi hüquqi şəxs tərəfindən illik aparılır. Fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi üzrə illik nəticələr hüquqi şəxsin Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən təsdiq olunduqdan sonra bu aidiyyəti quruma təqdim edilir. FSƏ-yə əsasən hüquqi şəxsin fəaliyyətinin səmərəliliyi aşağıdakı kimi qiymətləndirilir:

- FSƏ 50 faizdən aşağı olduqda – qeyri-kafi;

- FSƏ 50-70 faiz arasında olduqda (50 faiz daxil olmaqla) – kafi;

- FSƏ 70-90 faiz arasında olduqda (70 faiz daxil olmaqla) – yaxşı;

- FSƏ 90–100 faiz arasında olduqda (90 faiz daxil olmaqla) – yüksək;

- FSƏ 100 faiz və çox olduqda – çox yüksək.

FSƏ “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası”na uyğun olaraq hüquqi şəxslər tərəfindən idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması zamanı meyar kimi istifadə edilir. FSƏ iki il ardıcıl olaraq 50 faizdən aşağı (qeyri-kafi) olduqda,  aidiyyəti qurumların (Maliyyə Sabitliyi Şurası,

Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarı ilə yaradılmış Komissiya) təqdimatı əsasında müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən hüquqi şəxsin idarəetmə orqanlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsinə baxılır. SG, SG-nin proqnoz (hədəf) göstəriciləri və FSƏ üzrə illik hesabat növbəti ilin aprel ayının sonunadək dərc edilir. SG, SG-nin proqnoz (hədəf) göstəriciləri və FSƏ hüquqi şəxslərin rəsmi internet səhifəsində dərc edilir.

Hüquqi şəxslər SG-nin, SG-nin proqnoz (hədəf) göstəricilərinin və FSƏ-nin hesablanması ilə bağlı sənədləri aidiyyəti qurumlara hesabat ilindən sonrakı ay ərzində təqdim edir.  Aidiyyəti qurumlar təqdim olunan sənədlər əsasında ildə 1 dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək SG-nin, SG-nin proqnoz (hədəf) göstəricilərinin və FSƏ-nin hesablanmasının monitorinqini həyata keçirir.