Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Azərbaycan milli dövlətçilik quruculuğunda Ulu Öndər Heydər Əliyev zirvəsi – ŞƏRH

Azərbaycançılıq məfkurəsinin, vətənə məhəbbət, vətənpərvərlik ideyasının parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Azərbaycan xalqını köklü-köməcli, qollu-budaqlı, şaxəli bir ağaca bənzətmək olar. Elə bir ağaca ki, kökləri milyon illərdir ana torpağın bətnindən su içir, qoynunda mənzil-mənzil uzaqlara rişələnir. Bu rişələr torpağın yeddi qatından keçib onun damarında axar çaylara çevrilir, bu da torpağı xalqa, xalqı da torpağa doğmalaşdırır. O torpağı ki, onun üstündə əcdadlarımız ayaq açıb, yeriyib, binə qurub, ocaq çatıb torpağı Vətənə, məmləkəti dövlətə çeviriblər.Azərbaycan maraqlı, həm də kəşməkəşli bir tarix keçmiş ölkədir. Onun hər qarış torpağında qədim tariximiz, babalarımızın qan izləri, vətənpərvərlik hissləri toplanıb bugünkü günümüzə qədər gəlib çatıb. Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin elm və mədəniyyətinin təbliği vacib və prioritet sahə kimi qarşımızda durur. Haqlı olaraq Azərbaycan xalqı öz dövlətçilik tarixi, adət-ənənələri ilə əsrlər boyu öyünüb. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev bu barədə çox qiymətli fikirlər söyləyib. “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla biz kimliyimizi tam müəyyən etməliyik... Biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və onu xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır”.

Demək, Azərbaycanın dövlətçilik tarixi haqqında ən böyük izahatı dövlətçilik işinin mahir bilicisi olan böyük şəxsiyyət, görkəmli ictimai siyasi xadim Heydər Əliyev verib. Milli dövlətin qurulması, əsil milli istiqlal ancaq siyasi təcrübə ilə milli şüurun üzvi surətdə birləşməsi, milli dövlətçilik məfkurəsinin daşıyıcısı olan siyasi liderin hakimiyyətə gəlməsi sayəsində mümkün oldu. Məhz buna görə də, belə hesab etmək olar ki, müasir milli dövlət quruculuğumuz 1993-cü ilin iyunundan - Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır. Həlledici məqamda dövlətin sükanı arxasında böyük siyasi təcrübəyə və milli dövlətçilik təfəkkürünə malik olan şəxsin dayanması, əlbəttə, çox önəmlidir. Lakin xalqın milli dövlətçilik yaddaşı silinmiş olsaydı, sosializm dövrü kəsilməz inkişafın qarşısını həqiqətən almış olsaydı, biz hər şeyi sıfırdan başlamaq məcburiyyətində qalsaydıq, qısa bir müddətdə milli dövlət quruculuğu sahəsində belə böyük uğurlar əldə etmək mümkün olardımı? Azərbaycanda dövlətçilik ənənələrinin qədim tarixi vardır. Lakin bu tarix dəfələrlə qırılmış və yenidən bərpa olunmuşdur. Bu gün onun vahid, bütöv proses kimi təsəvvür olunması çox çətindir. Lakin Azərbaycan ərazisindəki qədim dövlətlər də, orta əsrlərdəki böyük imperiyalar da, müstəqil dövlət qurumları olan xanlıqlar da və nəhayət, Azərbaycan Xalq Cümhuriyyəti və hətta Azərbaycan Sovet Sosialist Respublikası da milli dövlətçiliyin ayrı-ayrı müstəqil məqamları və təzahürləri olmaqla yanaşı, həm də vahid, böyük bir tarixi prosesin hissələridir. Əlbəttə, təəssüf ki, bu böyük tarixi proses heç də bütöv, kəsilməz bir hadisə_deyildir. Lakin ayrı-ayrı tarixi hadisələrin sadəcə toplusu da deyildir. Bu tarixi hadisələr, tarixin müxtəlif dövrlərində yaranmış və müəyyən müddət ərzində fəaliyyət göstərmiş müstəqil dövlət qurumları arasında bilavasitə tarixi varislik olmasa da, mədəni-mənəvi varislik mövcuddur ki, bunlar da dövlətçiliyin nisbi kəsilməz mənzərəsini yaratmağa və dövlətçilik ənənələrinin nə vaxtsa güclənən və nə vaxtsa arxa plana keçən, lakin həmişə real və ya virtual formada yaşamaqda davam edən bütöv proses kimi dəyərləndirilməsinə imkan verir. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi uğurla davam etdirildiyi bir şəraitdə qarşıda həm də tarixin bərpa olunması, onun bütövlüyünün təmin olunması kimi məsul bir vəzifə də durur.

Təsadüfi deyildir ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin dönməzliyinin təmin olunması, dövlətçilik tariximizin müasir mərhələsinin kəsilməzliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb, həm də tarixi şüurumuzun bərpa olunması, dövlətçilik ənənələrinin qədim köklərinin üzə çıxarılması və müasir tariximizə qatılması sahəsində də məqsədyönlü iş aparırdı. Onun tərəfindən dəfələrlə nümayiş etdirilən tariximizə xüsusi diqqət və həssas münasibət sadəcə olaraq tarixin bir milli-mənəvi sərvət kimi qorunması təşəbbüsü deyildir. Bu xüsusi diqqət daha çox dərəcədə bugünkü milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində tarixə söykənmək və gələcəyə gedən yolu daha möhkəm, daha dərin əsaslar üzərində salmaq istəyinin təzahürü idi. Çox vaxt Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətinin sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratmasında, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı qurmasında görürlər. Bəli, 1993-cü ildən Azərbaycanda bütün atributlara malik güclü dövlət yaradıcılığına başlandı. Dövlət quruculuğu və onun hüquqi təminatı prosesi bu gün də davam edir. Bu, həqiqətən də, böyük nailiyyətdir. Lakin Heydər Əliyevin bu sahədəki daha böyük xidməti dərin qatda olduğundan, çox vaxt diqqətdən kənarda qalır. Bu, Azərbaycanda dövlət quruculuğu ilə yanaşı dövlətçiliyin inkişafı sahəsindəki xidmətlərdir. Əlbəttə, Azərbaycanda dövlətçiliyin inkişafı ən çox onun ərazisində dövlət qurumlarının və siyasi liderlərin, böyük sərkərdələrin fəaliyyət göstərdiyi dövrlərlə bağlıdır. Və belə dövrlər Azərbaycan tarixində az olmamışdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, vətənin bütövlüyü xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir". Babalarımızın bizə Vətən, yurd əmanəti qoyub getdiyi torpaqlar üzərində xalqımızın varlığının, gücünün, mübarizliyinin, təəssübkeşliyinin, mədəniyyətinin və əbədiliyinin simvolu olan dövlətlər, sultanlıqlar, xanlıqlar qurulub. Bu dövlətlər də, ictimai-siyasi quruluşlar da xalqımızın formalaşmasında, təşəkkülündə güclü rol oynayıb. Azərbaycan xalqının mövcudluğu, yaranışı, təşəkkülü, millət, toplum olaraq formalaşmasını araşdırıb təhlil edən tədqiqatçıların qənaətinə görə, xalqımız bu torpaqda aborigendir. Yəni Azərbaycan dediyimiz məmləkətin ilk sakinləridir, onlar bütün dünyaya buradan yayılıblar. Azərbaycan deyəndə o yalnız mövcud Azərbaycan Respublikasının ərazisi ilə məhdudlaşmayıb, geniş coğrafiyanı, əraziləri əhatə edən bir məmləkət kimi tarixdə yaşayır. Tarix həqiqəti bizə, bizi də həqiqətə yaxınlaşdırır. Həqiqəti isə biz görsək də, onu görməzliyə vuranlar da, hətta onu bir zamanlar ciddi-cəhdlə bizdən gizlədənlər də olub. Amma günəş çıxanda qaranlıqlar göyün qarnında qeyb olduğu kimi, yalanlar da şərin boşluğuna yuvarlanıb, onun yerini isə haqq tutub. Bu gün Azərbaycan dövləti müstəqildir, artıq neçə illərdir xalqımız bağımsız dövlətin vətəndaşlarıdır. Biz öz tariximizi daha dəqiq, daha dərindən öyrənməyə can atırıq.

Azərbaycanda dövlətçilik ənənələrinin kökləri qədim zamanlara gedib dayanır. Dövlətçilik ənənələri olmayan xalqın dövlət və dövlətçilik ənənələri haqda təsəvvürü olmaz. Azərbaycan xalqı zəngin, çoxəsrlik dövlətçilik ənənələrinə sahib olduğu üçün tarixin ən müxtəlif dönəmlərində özünə dövlət qurmağı bacarıb. Əlbəttə, dövləti, dövlətçiliyi olmayan xalq müstəqil düşüncəyə sahib ola bilməz. Dövlətçilik ənənəsinə sahib olan xalq güclü və müdafiə olunmuş vəziyyətdə olur. Çünki onun dövləti, onu yaradan şəxsiyyətləri var və özü də xalq olaraq o dövləti, o quruluşu yaradıb. Tarixi mənbələrdə qeyd edilir ki, Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin, bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Azərbaycan xalqı çoxəsrlik tarixə sahibdir və tarixin də bəzəyi torpaqlarımız üzərində qurulan dövlətlərdir ki, o dövlətlər zaman-zaman Azərbaycan xalqının təşəkkülündə özünü göstərib. Bu da onu sübut edib ki, xalqın iradəsi ilə qurulan dövlətçilik ənənəsi olan xalq tarix səhnəsindən silinmək təhlükəsindən uzaqdır.

Rövşən Qasımov   

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü