Azərbaycan gömrükçüləri siqaret aşkar ediblər  

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21011" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının iç hissəsində gizlədilmiş 7680 ədəd "King" markalı siqaret aşkar edilib.

Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 32213" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan - dam örtüyünün altından 26000 ədəd "King" və 1000 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkarlanıb.