Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Avropa Məhkəməsinin qərarında Ermənistanın işğalçı olması bir daha təsdiqlənib - ŞƏRH

"Avropa Məhkəməsinin "Mirzoyan Ermənistana qarşı" işi üzrə çıxardığı qərarında Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal olunması de-yure bir daha təsdiq edildi"

Bunu e-huquq.az-a vəkil Cavad Cavadov  Avropa İnsan Hüquqları Məhkəməsinin "Mirzoyan Ermənistana qarşı" 57129/10 saylı işi üzrə qərarını şərh edərkən deyib. 

Vəkil xatırladıb ki, dünən verilən qərarla insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 2 (yaşamaq hüququ), 13 (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusu tanımaqla Ermənistan cərimələnib. 

"İşin mahiyyəti ondan ibarətdir ki, ərizəçinin oğlu 2006-cı ildə Ermənistan ordusuna çağırılır və 8 noyabr 2006-cı ildə Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yerləşən Ermənistanın 37673 saylı hərbi hissəsinə göndərilir. Mayın 22-də o, ordunun leytentantı tərəfindən güllələnir və hərbi hospitalda özünə gəlmədən ölür.

Bu qərarda diqqət çəkən və Azərbaycan üçün gələcəkdə hüquqi sənəd olaraq istifadə olunacaq məqamlar vardır. "Çıraqov və digərləri Ermənistana qarşı" işində olduğu kimi bir daha Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi hüquqi cəhətdən qəbul olunur. Ermənistan bu işdə Məhkəmənin ərazi yurisdiksiya məsələsini (ratione loci) mübahisələndirmir.

Avropa Məhkəməsinin  ərazi yurisdiksiyası Konvensiyanın iştirakçı dövlətlərinin ərazi yurisdiksiyalarının cəmini təşkil edir. Məhkəmənin ərazi yurisdiksiyası "ratione loci" formulasında ifadə olunur. Konvensiyanın 56-cı maddəsi "Ərazi tətbiqi" adlanır və həmin maddəyə əsasən, istənilən dövlət ratifikasiya zamanı və yaxud sonradan istənilən vaxt Avropa Şurası Baş Katibinə ünvanlanmış bildiriş vasitəsilə bəyan edə bilər ki, Konvensiya, bu maddənin IV bəndinə uyğun olaraq, beynəlxalq münasibətlərinəgörə məsuliyyət daşıdığı bütün ərazilərə və ya onlardan hər hansı birinə şamil olunur. Bu işdə Ermənistan etiraz etmir ki, hadisə başqa “dövlətin” ərazisində baş verməklə onun nəzarətində olmayıb. Bununla belə məhkəmə qeyd edir ki,  “DQR” (məhkəmə qondarma separatçı qurumun adını məhz dırnaq arası qeyd edir) ərazisində baş vermiş hadisəyə yə "ratione loci" formulası baxımından öz təşəbbüsü ilə toxunur və həmin ərazilər iştirakçı dövlətin silahlı qüvvələri vasitəsilə və tabelikdə olan yerli administrasiya vasitəsilə həyata keçirilən nəzarət faktına əsaslanıb Konvensiyanın 1-ci maddəsi baxımından məhz Ermənistan cavabdehdir" - deyə, vəkil vurğulayıb.