Anar Bağırov vəkillərə elektron order verilməsi ilə bağlı təklifə münasibət bildirib

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov vəkil Bəxtiyar Hacıyev tərəfindən irəli sürülən vəkillərə elektron order verilməsi ilə bağlı təklifə münasibət bildirib. 

E-huquq.az-ın xəbərinə görə, təklifi müsbət qiymətləndirən A. Bağırov məsələnin xeyli vaxtdır ki, VK tərəfindən dəyərləndirildiyini bildirib. Onun sözlərinə görə, bu sahədə müəyyən problemlər mövcuddur. 

"Ən böyük problemimiz əsasən regionlarda fəaliyyət göstərən yaşlı vəkillərimizin İKT sahəsində vərdişlərinin olmaması və yaxud çox az olması, vəkillərin yalnız təxminən yarısının elektron kabinetdən istifadə etməsi, elektron imzaya sahib olması, həmçinin Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid olan məhkəmələrin və digər HMO-nın hələ də elektron məhkəmə və e-hökumət portalının şəbəkəsi ilə əhatə olunmaması ilə bağlıdır. Zənnimcə, bu məsələnin elektron məhkəmə sisteminin tam işə düşdükdən və elektron vəkil sistemi ona tam inteqrasiya olduqdan sonra praktiki realizə edilməsi  mümkün olacaqdır. Yeri gəlmişkən, Cənab Prezidentin 22 fevral 2018-ci il Sərəncamında bu məsələyə yaşıl işıq yandırılıb, elektron vəkilliyin yaradılması və inteqrasiyasına  dair işlər ondan sonra başlanılıb və aparılır" - deyə, sədr A. Bağırov vurğulayıb.