Mirzayev&Partners
    19 İyul
    Baku
    23°

Anar Bağırov: "Regional vəkil qurumunun fəaliyyətə başlaması Sumqayıt şəhərinin tarixində ilk olub"

Bu gün Sumqayıt Regional Vəkil Bürosunun inzibati binasının açılış mərasiminin davamı daha sonra Sumqayıt Plaza Hotel mehmanxanasında davam etdirilib.

Vəkillər Kollegiyasından (VK) e-huquq.az-a verilən məlumata görə, Kollegiyanın sədri Anar Bağırov giriş nitqi ilə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq regional vəkil qurumunun fəaliyyətə başlamasını istər vəkillik təsisatının, istərsə də Sumqayıt şəhərinin tarixində ilk olduğunu qeyd edib və bu tarixi günün məhz “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının icrası çərçivəsində baş tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət xanım Bəktaşi, Əməkdar hüquqşünas, VK-nın Ağsaqqallar Şurasının sədri İkram Kərimov, Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı və Sumqayıt şəhərində fəaliyyət göstərən vəkil Leyla Bədəlova tərəfindən çıxışlar edilib.

Qeyd olunub ki, açılış mərasimindən sonra Respublikanın şimal regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçirilib. 100-ə yaxın vəkilin qatıldığı tədbir Azərbaycan VK və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə baş tutub. Seminarda Sumqayıt, Quba, Qusar, Abşeron, Siyəzən, Xızı, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Seminarı giriş sözü ilə açan VK-nın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov ilk əvvəl “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı xüsusilə vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması, habelə "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamın tarixi əhəmiyyəti, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə öz fikirlərini bölüşüb.

Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulanıb, son dönəmlər vəkillik etikası kimi mövzuların vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından üçün aktuallığı barədə fikirlərini bölüşüb.

İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda iştirak edib. Doktor Rudolf Laudanın təqdimat çərçivəsində mühazirəsi dinlənilib, Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminar çərçivəsində həmçinin VK Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilib.