Anar Bağırov: "Bir nəfər vəkil belə dövlət orqanlarının sifarişi əsasında kollegiyadan xaric edilməyib"

"Ötən il Vəkillər Kollegiyasına 500-dən çox şikayət daxil olub".

E-huquq.az "Report"-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, bu şikayətlər vəkillərin davranışı ilə bağlı olub: "Şikayətlərin 83 faizi məhz vətəndaşlar tərəfindən edilib. Bəzi hallarda KİV-də guya Azərbaycanda dövlət orqanlarının sifarişi əsasında vəkillərə qarşı təqiblərin və təzyiqlərin olduğu barədə yalan və uydurma xarakterli məlumatlar yayılır. İlk olaraq onu demık istəyirəm ki, Vəkillər Koılegiyası hər hansı vəkili kollegiya üzvlüyündən xaric etmək səlahiyyətinə malik deyil. Sadəcə olaraq, bununla bağlı təkcə məhkəmədə iddia qaldırmaq səlahiyyətinə malikdir. Ötən ilin statistikasına görə təkcə 6 nəfər vəkilin Vəkillər Kollegiyasından xaric olunması ilə bağlı qərar qəbul olunub. Onların 5 nəfəri 6 aydan çox müddətə üzrlü səbəb olmadan üzvlük haqqını ödəmədiyinə görə, 1 vəkil isə sırf vətəndaşın şikayətinə əsasən kollegiyadan xaric edilib. Tam məsuliyyətlə deyə bilərəm ki, bir nəfər vəkil belə dövlət orqanlarının sifarişi əsasında kollegiyadan xaric edilməyib".

A.Bağırov vəkillərlə qeyri-prosessial məsələlərdə diqqətli olmaları üçün mütəmadi olaraq görüşlər keçirildiyini vurğulayıb: "Cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı aprelin 3-də imzaladığı fərman vəkilliyə də böyük təsir göstərdi. Həmin fərmanla məlum oldu ki, artıq dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin paylanması Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına ediləcək. Biz bununla bağlı təkliflər vermişik. Hazırda by istiqamətdə müvafiq işlər görülür. Bununla da vəkillik tam maliyyə müstəqilliyi ilə təmin olunacaq. hazırda Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi bu istiqamətdə layihə hazırlayır. Layihə hazır olandan sonra Nazirlər Kabineti bununla bağlı qərar verəcək".