Aliment ödəməyən şəxs hansı halda həbs edilə bilər?

Ötən gün şair Murad Köhnəqala aliment ödəmədiyi üçün məhkəmənin qərarı ilə həbs edilib. Heç bir yerdə işləməyən, gəliri olmayan adamın məhkəmə tərəfindən aliment borcuna görə həbs edilməsini qınanılıb. Bəs, qanunvericilikdə hansı hallar nəzərdə tutulub? Şəxsin heç bir gəliri yoxdursa, o, aliment borcuna görə həbs edilmə bilərmi?

Məsələ ilə bağlı e-huquq.az-ın suallarını vəkil Balabəy Məlikov cavablandırıb. 

Onun sözlərinə görə, məhkəmə şəxsin işi ilə bağlı ciddi araşdırma aparmalıdır: “Ola bilər ki, şəxsin heç bir rəsmi iş yeri yoxdur, ancaq qeyri-rəsmi gəliri var. Belə ki, şəxs ticarət ilə də məşğul ola bilər. Bu halda həmin adam sistem tərəfindən rəsmi işçi kimi qeydiyyata düşmür. Əgər sabit pul məbləğində aliment nəzərdə tutulubsa, bilərəkdən və ya qəsdən ödəməkdən yayınılırsa və icraçı da bunu araşdırıb müəyyən edirsə, həbs məsələsi ola bilər. Yəni, bu məsələdə işin hallarını araşdırmaq lazımdır. Amma digər tərəfdəndə şəxs heç bir yerdə işləmirsə, aliment ödəməklə bağlı məsulliyətdən yayınmamalıdır. Əgər doğurdan da məhkəmə tərəfindən təsdiq olunarsa ki, şəxsin heç bir gəlir yeri yoxdur, o zaman həbs seçilməyə bilər. Yenə təkrar edirəm , işin hallarına baxmaq lazımdır”. 

Digər vəkil Gülşən Salmanova e-huquq.az-a açıqlamasında deyib ki, şəxs üzürlü səbəbdən aliment ödəyə bilmirsə, ona cəza verilməyə bilər: “Amma üzürlü səbəbi yoxdursa, onda mütləq cəzalandırılmalıdır. Məhkəmə onun hansı səbədən ödəyə bilməməsini araşdırmalıdır”. 

Raya Ramazanova

Səbinə Məmmədova