Ali Məhkəmənin sədri: "Cəza siyasətinin humanistləşdirilməsi 8000-dən çox məhkuma tətbiq edilib”

"Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması dövlət rəhbərinin daim diqqət mərkəzindədir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında məhkəmələrə həbs qətimkan tədbiri seçilərkən şəxsin cinayətə aidiyyəti ilə bağlı əsaslı şübhənin, həbs qətimkan tədbirinin seçilməsinin qeyri-mümkünlüyü barədə dəlillərin yoxlanılması, Ali Məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmininə nail olunması tövsiyə edilib".

Bunu ONA-ya müsahibəsində Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

R. Rzayev bildirib ki, bu tövsiyəyə uyğun olaraq Ali Məhkəmə tərəfindən hər il məhkəmə təcrübəsinin ümumiləşdirilməsi aparılıb, onun nəticələri Ali Məhkəmənin Plenumunda  hakimlərin iştirakı ilə müzakirə edilərək sərəncamın icrasının reallaşdırılması üçün  müvafiq tədbirlər görülüb: "Ali Məhkəmənin hakimlərindən, Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin birgə işçi qrupu tərəfindən sərəncamda müəyyən edilmiş müddət ərzində “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri hazırlanıb. Həmin qanun layihələri Milli Məclisdə və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra müvafiq olaraq 20 oktyabr və 1 dekabr 2017-ci il tarixlərdə qüvvəyə minib”.

Ali Məhkəmənin sədri qeyd edib ki, Cinayət Məcəlləsində edilmiş dəyişikliklər 8000-dən çox məhkum barəsində tətbiq edilib: “Həmin məhkumların bir hissəsi tamamilə cəzadan azad edilib, digərlərinin cəzaları, cəzaçəkmə müəssisənin növü yüngülləşdirilib. 900-dən çox təqsirləndirilən və məhkum olunmuş şəxs barəsində yeni cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası, şərti məhkum etmənin və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin yeni qaydaları tətbiq edilib. Belə şəxslərin üzərində nəzarətin həyata keçirilməsində elektron nəzarət vasitələrindən istifadə edilir. Aparılan ümumiləşdirmələr nəticəsində müəyyən edilib ki, 2016-cı ilin birinci yarım ili ilə müqayisədə 2018-ci ilin eyni dövrü ərzində həbsin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında məhkəmələrə təxminən 3000 az təqdimat daxil olub, ümumilikdə təmin edilmiş təqdimatların sayı isə 10 faiz azalıb. 

Prezident İlham Əliyevin fərmanında yenidən cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üçün müvafiq qanun layihələrinin hazırlanaraq ona təqdim edilməsinə dair verdiyi tövsiyə və tapşırıqları ilə həmin məsələlərə diqqət yönəltməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsinin, bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görülməsinin Baş Prokurorluğa tövsiyə olunması da bu siyasətin məqsədyönlüyünə, cinayət törətmiş vətəndaşların sərt cəzalara məruz qoyulması yolu ilə islah olunmasına deyil, daha humanist vasitələrlə cəmiyyətə qaytarılmasına üstünlük verməsinin bariz nümunəsidir. Əminliklə qeyd olunmalıdır ki, Fərmana uyğun olaraq həmin məsələlərlə əlaqədar görüləcək işlər, cəmiyyətin inkişafında özünün uğurlu nəticələrini nümayiş etdirəcək". 

E-huquq.az