Mirzayev&Partners
    22 İyul
    Baku
    23°

Ali Məhkəmənin sədri Avropa Şurasının İnsan Hüquqları üzrə komissarını maraqlandıran suallara cavab verib

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviç Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

E-huquq.az xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. R. Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə işgüzar əlaqələrdən, Avropa Birliyinin üzvü olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən danışıb. Bildirilib ki, ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qisa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulub. Azərbaycanın Avropaya inteqrasiya olunduğu bir zamanda bu məsələ xüsusi aktuallıq kəsb etdiyindən Ali Məhkəmədə işlərə baxılarkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edilir.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılıb.

Ali Məhkəmənin sədri  Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Dunya Miyatoviçi və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallara cavab verib.

Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.