Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib

Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar yığıncaq keçirilib.

Ali Məhkəmədən e-huquq.az-a verilən məlumata görə, tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış edib.

Ali Məhkəmənin sədri böyük şəxsiyyət  Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunuqeyd edib, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün  xalqımızın  taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırıb.

1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanıb və ümumxalq referendumunda qəbul olunub. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan  ən böyük addım idi. İnsan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.

Böyük siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu  artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılıb, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub və onu inkişaf etdirib.

R.Rzayev dahi insan Heydər Əliyevin əməllərinin və amallarının xalqın  gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.

Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışıb, xatirələrini söyləyib, onun irsinin daim yaşayacağını bildirib.