Ali Məhkəmədə könüllülərin qeydiyyatı aparılır

May ayının 6-dan Azərbaycan Respublikası Ali Məhkəməsində könüllülük fəaliyyəti göstərmək istəyən gənclərin yeni qeydiyyatı  başlanıb.

Ali Məhkəmədən e-huquq.az-a verilən xəbərə görə, Könüllülər Proqramına yaşı 18-dən 26-dək olan əsasən hüquq fakültələrində oxuyan və hüquq sahəsində işləyən şəxslərin cəlb edilməsi nəzərdə tutulub. 

Könüllü olmaq istəyən gənclərin həvəsi və işlədiyi qurumu layiqincə təmsil etmək arzusu olmalıdır. Könüllü olmaq istəyənin xarici dil bilməsi arzu olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi qərarları müzakirə olunur və könüllü gənclər həmin seminarda iştirak edəcəklər.

Könüllülərlə birgə iş birliyi Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin, eləcə də təqdim edilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Proqrama qoşulmaq istəyənlər Ali Məhkəmənin internet səhifəsində könüllülər üçün yaradılmış bölmədə qeydiyyatdan keçə bilərlər.

Tələb olunan sənədlər aşağıdakılardır: şəxsiyyət vəsiqəsinin surəti, tələbə bileti və ya diplomun surəti, tərcümeyi hal və 3x4 fotoşəkil.

Əlavə məlumat almaq üçün bu telefonlara zəng etmək olar:  012 489 52 30,  012 489 07 07 (daxili 18120, 18122, 18123, 18140)