Ali Məhkəmə "Dəmirbank"ın sabiq filial rəhbərinin şikayətini təmin etməyib

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən "Dəmirbank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F.Rəşadətlinin kassasiya şikayəti təmin edilməyib.

İttihama əsasən, F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyib. F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə mənimsəyib.

F.Rəşadətli ilə birgə bankın xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayev də təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən, barələrində polis nəzati qətimkan tədbiri seçilmiş T.Xanlarovanın 1000 manat cərimə olunması, F.Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi həmin şəxslərin apellyasiya şikayətini təmin etməyib.