Mirzayev&Partners
    16 İyul
    Baku
    23°

Ali Məhkəmə bəraət alan şəxslə bağlı qərarı elan edib

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Temraz Qocayevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2014-cü il yanvarın 28-də Ucar rayonunun Müsüslü kəndinin ərazisində baş verib. Bərdə rayon sakini Fəxrəddin Məmmədovun idarə etdiyi “KamAZ” markalı və Mingəçevir şəhər sakini T.Qocayevin idarə etdiyi “MAN” markalı avtomobillər toqquşub. Hadisə zamanı F.Məmmədov idarəetməni itirdiyindən avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini Şahbaz Kərimova məxsus “QAZ-5312” markalı avtomobilə çırpılıb.

Nəricədə F.Məmmədov hadisə yerində ölüb, sərnişini - həmyerlisi Cəlal Xosrovlu və digər sürücü T.Qocayev xəstəxanaya yerləşdirilib.

İstintaq orqanı tərəfindən mərhum F.Məmmədovla T.Qocayev təqsirləndirilən şəxs qismində tanınıb.

“Avtotrasyol” MMC-nə məxsus “KamAZ” markalı yük avtomaşına 70 min manat, “R-Servis” MMC-nə məxsus “MAN” markalı avtomaşına isə 85 min manat maddi zərər dəyib.

Ucar Rayon Məhkəməsinin 23 avqust 2016-cı il tarixli hökmü ilə T.Qocayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Eyni zamanda, həmin hökmlə F.Məmmədov CPM-nin 44-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində tanınanadək ölməsi ilə əlaqədar ona cəza təyin olunmayıb.

Hökmdən narazı qalan mərhum F.Məmmədovun hüquqi varisinin müdafiəçisi və T.Qocayev apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü ləğv edib, T.Qocayevin barəsində bəraət hökmü çıxarıb. Daha sonra dövlət ittihamçısı kassasiya protesti və F.Məmmədovun hüquqi varisinin müdafiəçisi kassasiya şikayəti verib.