Məhkəmə Fazil Qasımovun bəzi vəsatətlərini təmin edib

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin məhkəməsi davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Fazil Qasımov və vəkili Telman Qasımov ilə danışmaq üçün fasilə istəyib.

Məhkəmə bu istəyi qəbul edərək qısa fasilə elan edib.

Daha sonra F.Qasımov 17 vəsatətlə çıxış edib.

O, 16 iyul və 3 oktyabr 2023-cü ildə verdiyi ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Həmçinin 31 iyul 2023-cü il tarixində onun və Anar Əliyevin verdiyi ifadənin linqvistik ekspertizada yoxlanılmasını da əlavə edib.

Bundan başqa, Fazil Qasımov vəkilləri ilə görüşmək və cinayət işini oxuya bilmək üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasından icazə alınmasını da xahiş edib.

Təqsirləndirilən şəxs əlavə edib ki, məhkəməyə təqdim olunmuş sübutlara onun telefonunun və pasportunun əlavə edilsin və iddialarla bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərilsin: "Mənim Londonda olmağımla bağlı, Qubad İbadoğlunun üzərində saxta pul aşkarlanması faktlarının araşdırılmasını istəyirəm".

Fazil Qasımov məhkəməyə şahid qismində çağırılması üçün Qubad İbadoğlunu, vəkillər Zibeydə Sadıqova və Şəhla Hümbətovanın məlumatlarını vəsatət şəklində təqdim edib.

Dövlət ittihamçısı bir-iki vəsatəti çıxmaqla qalan vəsatətlərin məhkəmə istintaqı və sənəd tədqiqi mərhələsində baxılması üçün təxirə salınmasını istəyib.

Məhkəmə yerində müşahidə edərək qərara alıb ki, Fazil Qasımovun vəkilləri ilə görüşmək və cinayət işi ilə yenidən tanış olmaq vəsatətləri qəbul edilsin. Digər vəsatətlər isə baxılmamış saxlanılsın.

Vaxtla əlaqədar məhkəmənin növbəti iclası 31 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

Orxan Rasifoğlu