- 10:32 | 10.10.2024
- Vəkillik
"Məişət zorakılığı və ona qarşı mübarizə nəinki bizim cəmiyyətimizdə, həm də dünya miqyasında geniş yayılmış və ciddi problemlərdən biridir. Məişət zorakılığı öz başlanğıcını gender bərabərsizliyindən götürür, ailədaxili münaqişələrlə bu bərabərsizliyin böyüməsi nəticəsində qəsdən fiziki və ya mənəvi zərər vurması ilə yekunlaşır. Bu səbəbdən, ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə cəmiyyəti təhlükə altında qoyur. Bu problemin həlli isə geniş və məqsədyönlü tədbirlərin görülməsini, həmçinin kompleks yanaşmanı tələb edir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, məişət zorakılığı sadəcə fiziki deyil, eyni zamanda mənəvi, psixoloji, iqtisadi və cinsi zorakılığı özündə ehtiva edir: "Təəssüf ki, zorakılığın bu formaları çox vaxt cəmiyyətdə latent olur və zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə çatımlılıqları çətinləşir. Bu səbəbdən məişət zorakılığı ilə mübarizə və zorakılıqdan zərərçəkmiş şəxslərlə davranış sahəsindəki tədbirlər fikrimcə bir neçə istiqamətdə aparılmalıdır".
A.Bağırovun fikrincə, bu addımlardan ilki təkmil qanunvericilik bazasının yaradılmasıdır: "Məişət zorakılığı ilə bağlı dövlətin həyata keçirdiyi islahatlar və qanunvericilikdə edilən yeniliklər təqdirəlayiqdir. Əsası Ulu Öndər tərəfindən qoyulan hüquq islahatları bu gün cənab Prezidenti İlham Əliyev və vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Xüsusilə, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna edilən son dəyişiklikləri qeyd etmək istərdim. Dəyişikliklər məişət zorakılığından əziyyət çəkən şəxslərin hüquqlarının daha yaxşı təmin olunmasına xidmət edir. Belə ki, qanunun təsir dairəsinin genişləndirilməsi, zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderinin verilməsi, habelə zərər çəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi Qanuna edilmiş mütərəqqi dəyişikliklərdəndir".
Sədr bu məqamda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliyi vurğulayıb: "Son dəyişikliyə əsasən, dövlət hesabına hüquqi yardım göstərilən şəxslərin dairəsində “məişət zorakılığından zərər çəkmiş şəxslər” xüsusilə fərqləndirilmişdir. Digər dəyişikliklə həmçinin həmin şəxslərə dövlət hesabına hüquqi yardım göstərən vəkiin öz vəzifələrini yerinə yetirməkdən imtina edilməsi qanunla qadağan olunub. Qanunvericiliyə edilmiş dəyişikliklər bir çox boşluğu aradan qaldırsa da hələ də bu sahədə boşluqlar mövcuddur. Belə ki, qanunvericilikdə məişət zorakılığı tərəfləri arasında mediasiyanın mümkünlüyü məsələsi, habelə məişət zorakılığı ilə bağlı konkret normanın Cinayət Məcəlləsinə əlavə olunmaması və digər problemləri misal göstərə bilərik".