Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb

Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb.

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən bütün mediatorlar və mediasiya təşkilatları barədə ətraflı məlumatlar Azərbaycan Respublikasının Vahid Məhkəmə Portalına inteqrasiya edilib. Belə ki, bu günədək mediasiya təşkilatlarına müraciətlər rəsmi qaydada poçt vasitəsilə, e-poçt üzərindən, yaxud da vətəndaşların mediasiya təşkilatlarına birbaşa müraciət etməsi ilə baş tuturdu. Bundan sonra fiziki və hüquqi şəxslər Vahid Məhkəmə Portalı vasitəsilə bütün mediasiya təşkilatları və mediatorlar barədə ətraflı məlumat əldə etmək, habelə istənilən mediatora və mediasiya təşkilatına elektron formada müraciət etmək imkanına malik olacaqlar.

Bunun üçün fiziki və ya hüquqi şəxslər hər hansı autentifikasiyadan keçmədən Vahid Məhkəmə Portalında “Mediatorlar” başlığına daxil olaraq bütün regionlar üzrə mediasiya təşkilatları, habelə ayrı-ayrı mediatorlar barədə ətraflı məlumatla tanış ola bilərlər.

Elektron formada müraciət etmək üçün həmin hissədə “Müraciət et” bölməsi seçilməklə açılan pəncərədə fiziki şəxslər fərdi identifikasiya nömrəsini (FİN) və doğum tarixini, hüquqi şəxslər isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) daxil edir. Növbəti pəncərədə müraciətçi tələb edilən məlumatları (mediasiyaya müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş məlumatlar - müraciət edənin və qarşı tərəfin adı, soyadı, atasının adı, ünvanı, əlaqə nömrəsi, mübahisənin növü və predmeti, müraciət etmək istədiyi təşkilat, mediator və s.) əlavə edərək ilkin mediasiya sessiyası üçün elektron ərizə formasını doldurur və qarşı tərəfə göndərməli olduğu “mediasiya prosesinin tətbiqi barədə təklif”i, habelə həmin təklifin qarşı tərəfə çatmasını təsdiq edən poçt sənədini “pdf” formatında yükləməklə müraciətini yekunlaşdırır.

Qaydalara uyğun edilmiş müraciət barədə dərhal müraciət edilmiş mediasiya təşkilatına məlumat daxil olur və bundan sonra mediasiya təşkilatı edilmiş müraciət üzrə mediator təyin etməklə mediasiya proseslərinə başlayır.

Həmçinin müraciətçinin bu portal vasitəsilə müraciətinin hansı mərhələdə olmasını izləmək, bildirişlər əldə etmək və ya əlavə müraciətlər etmək imkanı da vardır.

Mediasiya xidmətləri üzrə müraciətlərin elektronlaşması sahəsində atılan bu addım həm bu xidmətdən istifadə edən şəxslər, həm də mediasiya təşkilatları və mediatorlar üçün mediasiya xidmətlərinin göstərilməsində daha rahat və asan imkanlar yaradır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” cari ilin 31 may tarixində Baş nazirin birinci müavini tərəfindən təsdiq edilib.