Əsassız yerə təcili yardım çağırılması məsuliyyət yaradırmı?

Bilə-bilə yalandan təcili yardım xidmətinin çağırması məsuliyyət yaradırmı? - Bəli, məsuliyyət yaradır və bunun cəriməsi 100 manat təşkil edir.

Təcili yardım xidmətinin nəqliyyat vasitələrinə yol verilməməsi məsuliyyət yaradırmı? - Bəli, bunun cəriməsi 100 manat təşkil edir.

Dəfələrlə deyilməsinə baxmayaraq, təəssüflə bildirmək istəyirəm ki, əsassız təcili yardımın çağırılması halları, nəqliyyat vasitələrinə yol verilməməsi halları kifayət qədər çoxdu. Bu üzücü haldır. Əsassız çağırışlara tibb işçilərinin ayıracağı zamanı digər vətəndaşlara tibbi yardım göstərə bilərlər. Hesab edirəm ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəqliyyat vasitələrinə yol verilməməsi, bilə-bilə yalandan təcili yardım xidmətinin çağırmasına görə cəzaların sərtləşdirilməlisinə ehtiyac var. Digər tərəfdən də bu məsələdə yalnız qanunverciliyin sərtləşdirilməsi ilə kifayətlənməyərək cəmiyyət olaraq bu insanların hərəkətləri qınanmalı, tənqid olunmalıdır. Təcili tibbi yardımın gec gəldiyini tənqid edirik, günahlandırırıq hətda bəzən bəziləri təhqir də edirlər. Bu, qəbuledilməzdir.

Araşdırma olduqda tibbi yardımın əsassız məşğul edildiyini, yollarda yol verilmədiyinin də şahidi oluruq. Unutmayaq ki, hər bir əsassız təcili tibbi yardımın çağırılması ehtiyacı olan insanların sağlamlığlarını riskə atmış olması deməkdir. Eyni zamanda da Təcili tibbi yardım stansiyasının nəqliyyat vasitələrinə yol verilməməsi də nəqliyyat vasitəsində olan xəstələrin həyatlarını riskə atmaq deməkdir. İnsanları bu məsələdə məsuliyyətli olmaqla yanaşı həmdə diqqətli olmalıdır. Əks halda bu problemlər problem olaraq qalacaqdır.

Əsas:

İnzibati Xətalar Məcəlləsinə əsasən Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat məbləğində cərimə edilir (331)

İnzibati Xətalar Məcəlləsinə əsasən Bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə- yüz manat məbləğində cərimə edilir (564).

Rahim Abıyev

Hüquqşünas