İtaliyada meşə yanğınını söndürən 2 yanğınsöndürən həlak olub

İtaliyanın Matera şəhəri yaxınlığındakı baş verən meşə yanğınını söndürmək istəyən 2 yanğınsöndürən həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İtaliya yanğınsöndürmə briqadası (Vigili del Fuoco) məlumat yayıb.

Nova Siri şəhərinin meri Antonello Mele mətbuata verdiyi açıqlamada yanğınsöndürənlərin bir ailəni xilas etməyə çalışdığı zaman uçurumdan yıxılaraq öldüyünü bildirib.

Prezident Sergio Mattarella, Senat sədri İqnazio La Russa və baş nazir Giorgia Meloni həyatını itirən yanğınsöndürənlərin ailələrinə başsağlığı verib.

Qeyd edək ki, son zamanlar ölkədə paytaxt Roma da daxil olmaqla baş verən meşə yanğınlarının söndürülməsi üçün hava və quru müdaxiləsi aparılır.

Ölkədə ötən həftədən bəri davam edən həddindən artıq istilərin təsiri nəticəsində 4 nəfər ölüb.

Şəbnəm Mehdizadə