- 15 iyul 21:13
- Dünya
ABŞ Məxfi Xidməti seçki kampaniyasının sonuna kimi Trampın mühafizəsini gücləndirib
ABŞ Məxfi Xidməti keçmiş prezident, hazırda prezidentliyə namizəd olan Donald Trampın mühafizəsini gücləndirib.
E-huquq.az xəbər verir ki, bu barədə Məxfi Xidmətin rəisi Kim Çitl bildirib.
O, Pensilvaniya ştatında mitinqdə sui-qəsd cəhdindən sonra Donald Trampın mühafizəsinin seçki kompaniyasının sonuna kimi gücləndirdiyini deyib.
Xanım Çitlın sözlərinə görə, Məxfi Xidmət tərəfindən iyun ayında Trampla bağlı həyata keçirilən əlavə təhlükəsizlik tədbirlərinin davamı olaraq, Respublikaçılar Partiyasının qurultayında və seçki kampaniyasının sonuna qədər sabiq prezidentin etibarlı mühafizəsini təmin etmək üçün şənbə günündən etibarən təhlükəsizlik tədbirlərinin detallarında dəyişikliklər edilib.
Kim Çitl bildirib ki, məhz Məxfi Xidmət əməkdaşlarının operativliyi atəş açan şəxsi tez bir zamanda məhv etməyə, Donald Trampın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görməyə imkan verib.
Məxfi Xidmətin rəisi onu da əlavə edib ki, Respublikaçılar Partiyasının Miluoki (Viskonsin ştatı) şəhərində qurultayında təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Qeyd edək ki, ötən şənbə keçmiş prezident, hazırda prezidentliyə namizəd olan Donald Tramp seçki təşviqatı çərçivəsində Pensilvaniya ştatında mitinq zamanı sui-qəsdə məruz qalıb.
Donald Tramp mitinqdə çıxış edərkən ona atəş açılıb. Atəş nəticəsində o, qulağından yüngül yaralanıb. Buna baxmayaraq, atışmada mitinq iştirakçıların bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Atəş açan şəxs isə ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən məhv edilib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğu açıqlanıb.